Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov yenidən əməliyyat olunacaq.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
O, qurum rəhbərinin durumunun hazırda yaxşı qiymətləndirildiyini söyləyib: "Elxan bəyin sağlıq durumu yaxşıdır və müntəzəm olaraq işə çıxır. Həftə ərzində davamlı şəkildə fizioterapiya keçir. Həkimlər hər şeyin qaydasında getdiyini bildirirlər. Qarşıdakı iki ayda yenidən əməliyyat olacağı gözlənilir".
Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra Səmədov bir neçə dəfə əməliyyat olunub.
İdman.biz