Fransa Liqa 1-in səkkizinci turunda "Monako" doğma meydanda "Lill"lə 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, "İkinci Lui" stadionunda keçirilən qarşılaşmanı Fransua Leteksye idarə edib.
Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Qonaqların heyətində Kilian Mbappenin kiçik qardaşı Etan Mbappe Soriba Diaunenin ötürməsindən sonra fərqlənib.
İlk hissə "Lill"in 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra meydan sahibləri hücumlarını artırıblar.
66-cı dəqiqədə qonaqlar azlıqda qalıblar. Tanqi Nyanzu birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Say üstünlüyündən yararlanan "Monako" 74-cü dəqiqədə tarazlığı bərpa edib. Edan Diopun qolu qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib - 1:1.
"Monako"nun yarımmüdafiəçisi Aleksandr Qolovin görüşü əvəzlənmədən keçirib, lakin məhsuldar göstərici ilə yadda qalmayıb.
Bu nəticədən sonra hər iki komandanın hesabında 15 xal var. "Lill" turnir cədvəlinin birinci, "Monako" isə ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, növbəti turda "Lill" oktyabrın 30-da "Lans"ı qəbul edəcək. "Monako" isə noyabrın 1-də səfərdə "Paris"lə qarşılaşacaq.