Səkkizqat "Qızıl top" sahibi Lionel Messi 2026-cı il mükafatının təqdimetmə mərasimində iştirak etməyəcək.
İdman.Biz "Vietnam" nəşrinə istinadən xəbər verir ki, Argentina millisinin kapitanı diqqətini özü təşkil etdiyi və gənc futbolçuların inkişafına həsr olunan "Messi Kuboku" turnirinə yönəldib.
Belə ki, Lionel Messi oktyabrın 26-da onun adını daşıyan U-16 turnirinin açılış mərasimində iştirak edib. Bu il ikinci dəfə keçirilən yarışın miqyası ötən illə müqayisədə xeyli genişlənib. Əvvəlki turnirdə səkkiz komanda mübarizə aparırdısa, bu dəfə Avropa, Cənubi və Şimali Amerikanı təmsil edən 16 klub iştirak edir.
Turnirdə "Barselona", "Real Madrid", "Atletiko", "Çelsi", "Mançester Siti" və "Arsenal" kimi tanınmış klublar yer alıb. Cənubi Amerikanı "River Pleyt", "Boka Xuniors", "Palmeyras" və "Flamenqo" təmsil edir. Meydan sahibi isə Messinin çıxış etdiyi "İnter Mayami"dir.
Açılış mərasimində Messi turnirdə iştirak edən gənc futbolçulara müraciət edib. O, yarışın istedadlı oyunçulara rəqabət aparmaq, öyrənmək və təcrübə qazanmaq imkanı yaratmasını istədiyini bildirib.
Argentina mediasının məlumatına görə, Messi oktyabrın 26-dan noyabrın 2-dək davam edəcək turnirin oyunlarını izləməyi planlaşdırır. Onu yaxın dostları Luis Suares və Rodriqo De Paul, eləcə də ailə üzvləri müşayiət edə bilərlər. "İnter Mayami"dəki öhdəliklərinə baxmayaraq, argentinalı futbolçunun yarışa mümkün qədər çox vaxt ayıracağı gözlənilir.