"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 10-cu turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan danışıb.
İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis Şamaxıda keçirilən qarşılaşmadan sonra futbolçularının mübarizəsindən razı qaldığını, lakin qələbəni əldən verdiklərini bildirib.
"Futbolçularıma təşəkkür edirəm. Yaxşı oynadılar, çalışdılar. Düşünürəm ki, sadəcə, sona qədər gücləri çatmadı. Əlbəttə, üç xal qazansaydıq, daha yaxşı olardı. İndi növbəti oyunlara hazırlaşıb yolumuza davam edəcəyik", - deyə Maksimov bildirib.
Baş məşqçi iki topluq üstünlükdən sonra heç-heçəni xal itkisi kimi qiymətləndirib.
Maksimov futbolçularının qol imkanlarından yararlana bilməməsini isə turnir cədvəlindəki mövqelərinin yaratdığı psixoloji gərginliklə əlaqələndirib:
"Sonuncu pillədə olduğumuz üçün futbolçular həyəcan keçirirlər. Qol epizodlarında sanki məsuliyyətsiz davranmaları da bununla bağlıdır. Turnir cədvəlində daha yuxarı və ya orta pillələrdə qərarlaşsaydıq, bəlkə də, daha yaxşı oyun göstərə bilərdik. Motivasiya düşüklüyü var".