PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in doqquzuncu turunda "Havr" üzərində qazanılan 5:1 hesablı qələbədən sonra klub tarixində müəyyənləşdirdiyi rekorda münasibət bildirib.
İdman.Biz xəbər verir ki, bu qələbə ispaniyalı mütəxəssisin Paris klubunun başında 127-ci uğuru olub. O, 126 qələbəsi olan əvvəlki rekordçu Loran Blanı geridə qoyub.
Enrike nailiyyətini təvazökarlıqla qiymətləndirərək komandanın uğurlarında futbolçuların rolunu önə çəkib:
"Bu, mənim bəxtimin gətirdiyini göstərir. Belə klubda, belə futbolçularla işləmək böyük şansdır. Bu, əsl zövqdür. Biz hər şeyə birgə səylərimizlə nail oluruq".
Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir.
Paris təmsilçisi növbəti oyununu noyabrın 3-də Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda səfərdə "Vilyarreal"a qarşı keçirəcək.