La Liqada yeni təcrübə tətbiq olunacaq. 11-ci turdan etibarən hakimlər oyunlardan sonra televiziya efirinə çıxaraq verdikləri qərarları izah və təhlil edəcəklər.
İdman.Biz Cadena SER-ə istinadən xəbər verir ki, Hakimlərin Texniki Komitəsi hər turda iki qarşılaşma seçəcək. Həmin oyunların hakimləri mübahisəli epizodları və verdikləri qərarları ictimaiyyət qarşısında şərh etmək imkanı qazanacaqlar.
Təşəbbüs La Liqa, İspaniya Kral Futbol Federasiyası (RFEF) və hakimlərin həmkarlar ittifaqı arasında razılaşdırılıb.
Layihəyə ölkənin ikinci güclü divizionu olan Sequndanın hakimləri də qoşulacaqlar. Onlar müəyyən oyunlardan əvvəl və sonra müsahibələr verəcəklər.
La Liqa hakimlərin televiziya və digər audiovizual layihələrdə iştirakına ümumilikdə 500 min avro (850 min manat) ayıracaq.
Qeyd edək ki, cari mövsümdə ispaniyalı hakimlər artıq oyunlardan əvvəl qısa müsahibələr verməyə başlayıblar. İndi isə bu təcrübə matçsonrası açıqlamaları da əhatə edəcək və azarkeşlər hakim qərarlarının izahını birbaşa onların özlərindən eşidə biləcəklər.