İspaniyanın "Real" futbol komandasının müdafiəçisi Mark Kukurelyanın həyat yoldaşı Klaudiya Rodriqes ispaniyalı futbolçunun ailədəki davranışları ilə bağlı maraqlı açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, o, "Mediaset Infinity" platformasında yayımlanan "Madres: desde el corazón" proqramında Kukurelyanın üç övladı ilə münasibətlərindən danışıb.
2018-ci ildən birlikdə olan cütlüyün Mateo, Rio və Bella adlı üç övladı var. Klaudiyanın sözlərinə görə, peşəkar futbolçu kimi ciddi rejimdə yaşayan Kukurelya evdə tamamilə fərqli xarakter nümayiş etdirir.

"Mark evdəki dördüncü uşaqdır. O da uşaqlar kimidir, ən əyləncəlisi və hamının sevimlisidir. Uşaqların seçimində onunla rəqabət apara bilmirəm", - deyə Rodriqes bildirib.
Klaudiya zarafatla qeyd edib ki, uşaqları doqquz ay bətnində daşımasına və günün böyük hissəsini onlarla keçirməsinə baxmayaraq, övladları əylənmək üçün daha çox atalarına üstünlük verirlər.
Onun sözlərinə görə, Kukurelya boş vaxtını uşaqlarına ayırmaqla kifayətlənmir, onların gündəlik qayğılarında da fəal iştirak edir. Futbolçu övladları üçün səhər, nahar və axşam yeməkləri hazırlayır, onlarla müxtəlif oyunlar oynayır, hətta uşaqlar istədikdə makiyaj etməyə də razılaşır.

Rodriqes bildirib ki, həyat yoldaşı gecələr uşaqlara qulluq etmək lazım gəldikdə də məsuliyyətdən yayınmır.
Müsahibənin ən duyğulu məqamlarından biri cütlüyün böyük oğlu Mateo ilə bağlı olub. 2022-ci ildə autizm diaqnozu qoyulan uşağın atası ilə xüsusi yaxın münasibəti olduğunu bildirən Klaudiya Kukurelyanın Mateo üçün ən əziz insanlardan biri olduğunu vurğulayıb.