İtaliyanın "Fiorentina" futbol komandasının müdafiəçisi Dodo klubunu tərk etməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, Florensiya təmsilçisinin idman direktoru Fabio Paratiçi braziliyalı futbolçunun gələcəyi barədə açıqlama verib.
Klub rəsmisinin sözlərinə görə, Dodo mövsümün sonunda yeni komanda tapmaq istəyir. "Fiorentina" yayda sərfəli təklif alacağı halda onun transferinə razı idi, lakin belə təklif daxil olmayıb.
"Onun mövqeyi əvvəldən aydın idi. Mövsümün sonunda başqa klub tapmaq istəyi olacaq. Hazırda yaxşı məşq edir və bizim futbolçumuz olaraq qalır", - deyə Paratiçi bildirib.
Müdafiəçi ötən yay müqaviləsini uzatmaq təkliflərini qəbul etməyib. Onun "Fiorentina" ilə hazırkı razılaşması 2027-ci ilin iyununda başa çatacaq.
Dodonun adı "Barselona", "Yuventus" və "Milan"la əlaqələndirilir. Florensiya klubu qış transfer dövründə də mümkün təklifləri nəzərdən keçirə bilər.