İspaniyanın "Real Madrid" futbol komandasının sabiq yarımmüdafiəçisi Anxel Di Mariya Joze Mourinyonun "Barselona"ya qarşı oyunlarda futbolçularına verdiyi tapşırıqla bağlı diqqətçəkən açıqlama verib.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçu portuqaliyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi "El-Klasiko"ları xatırlayaraq Pep Qvardiolanın çalışdırdığı "Barselona"ya qarşı mübarizənin çətinliyindən danışıb.
Di Mariyanın sözlərinə görə, Mourinyo həmin dövrdə rəqibə qalib gəlməyin əsas yolunu sərt fiziki mübarizədə görürdü.
"Mourinyo hər bir "Real Madrid" futbolçusunun beyninə yeritmişdi ki, "Barselona"ya qalib gəlməyin yeganə yolu onları vurmaq, sərt oynamaq və onlardan daha çox qaçmaqdır", - deyə argentinalı bildirib.
Di Mariya xüsusilə 2010-cu ildə "Kamp Nou"da 0:5 hesabı ilə məğlub olduqları qarşılaşmanı xatırlayıb. O, həmin matçda topa demək olar ki, toxuna bilmədiyini etiraf edib.
"Həyatımda elə bir oyun xatırlamıram ki, topu bu qədər az görüm. Pressinq etməyə çalışırdım, amma top artıq getmək istədiyim yerdə olmurdu. Bizi tamamilə üstələmişdilər", - deyə sabiq futbolçu vurğulayıb.
Argentinalı yarımmüdafiəçi 2011-ci ildə İspaniya Kubokunun finalında yaşananları da yada salıb. Onun sözlərinə görə, "Barselona" ilə həmin qarşılaşma son dərəcə sərt mübarizə şəraitində keçib.
"Mestalyadakı finalda ard-arda sərt müdaxilələr olurdu. Hətta müəyyən anlarda Messinin zədələnəcəyindən qorxurdum", - deyə Di Mariya bildirib.
O, həmin oyunda Lionel Messiyə qarşı kobud müdaxiləsini də xatırlayıb.
"Messi əks-hücuma çıxırdı və mən onu ayağından vurdum. Sonra yanına gedib üzr istədim. Dedim ki, səni yıxmasaydım, bizə qol vura bilərdiniz. Başqa çıxış yolum yox idi".
Di Mariyanın sözlərinə görə, həmin dövrdə "Real Madrid" və "Barselona" futbolçuları arasında münasibətlər son dərəcə gərgin idi. Xüsusilə 2011-ci ildə qısa müddət ərzində keçirilən ardıcıl "El-Klasiko"lar meydandakı mübarizəni daha da sərtləşdirirdi.
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"ə rəhbərlik edib. Onun komandası 2011-ci ildə İspaniya Kubokunun finalında "Barselona"nı 1:0 hesabı ilə məğlub edərək titulu qazanıb.