İngiltərənin "Çelsi" futbol klubu braziliyalı cinah hücumçusu Estevao Villianın PSJ-yə mümkün icarəsi üçün üç əsas şərt müəyyənləşdirib.
İdman.Biz TEAMtalk nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 19 yaşlı futbolçunu qış transfer pəncərəsində Paris klubuna göndərmək ehtimalını nəzərdən keçirir.
"Çelsi"nin ilk tələbi müqavilədə futbolçunun satınalma hüququnun nəzərdə tutulmamasıdır. İngiltərə klubu Estevaonun gələcəyini hələ də öz heyətində görür və onun birdəfəlik transferində maraqlı deyil.
İkinci şərtə əsasən, PSJ icarə müddətində braziliyalı hücumçunun əməkhaqqını tam ödəməlidir.
Üçüncü tələb isə futbolçunun oyun praktikası ilə bağlıdır. "Çelsi" Estevaonun Parisdə müntəzəm meydana çıxacağına dair təminat almaq istəyir.
Lakin PSJ-nin baş məşqçisi Luis Enrike futbolçulara əsas heyətdə yer zəmanəti vermir. Bu amil mümkün razılaşmanı çətinləşdirə bilər.
Qeyd edək ki, PSJ Xviça Kvaratsxeliyanın ağır zədəsindən sonra hücum xəttini gücləndirmək niyyətindədir. "Çelsi"də isə Estevao cari mövsümdə kifayət qədər oyun praktikası qazana bilmir.