Braziliyada qadın futbolçular arasında keçirilən U-20 komandalarının San-Paulu ştat çempionatının finalı kütləvi dava ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, "Ferroviariya" və "Korintians" komandaları arasında Araraquara şəhərindəki "Fonte Luminosa" stadionunda keçirilən qarşılaşmada futbolçular arasında ciddi qarşıdurma yaşanıb. Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Qarşılaşmanın ikinci hissəsinin 31-ci dəqiqəsində, hesab 2:0 meydan sahiblərinin xeyrinə olarkən, "Ferroviariya"nın futbolçusu Miga rəqib komandanın üzvü Qabi Jordinin müdaxiləsindən sonra yerə yıxılıb. O, buna təpiklə cavab verib və bundan sonra meydanda vəziyyət nəzarətdən çıxıb.
Baş hakim Jessika Aparesida Milani davanı dayandırmağa çalışsa da, bir neçə futbolçu qarşıdurmaya qoşulub. "Korintians"ın futbolçusu Mel tərəfləri sakitləşdirmək istəyərkən Migadan üzünə güclü zərbə alaraq yerə yıxılıb. Komanda yoldaşları ona meydanda yardım göstəriblər.
"Korintians"ın baş məşqçisi Yuliya Passero da qarşıdurmaya müdaxilə edib. O, "Ferroviariya"nın futbolçusu ilə üz-üzə gəlib, lakin öz oyunçuları tərəfindən saxlanılıb.
Nəticədə hakim üç nəfərə qırmızı vərəqə göstərib. Miga, Yuliya Passero və "Korintians"ın ehtiyat oyunçusu Emy meydandan qovulublar.
Altı dəqiqəlik fasilədən sonra oyun bərpa olunub və "Ferroviariya" 2:0 hesablı qələbə qazanıb. Bununla da komanda U-20 üzrə San-Paulu ştat çempionatında ardıcıl üçüncü dəfə titul əldə edib.
"Korintians" polisə şikayət edəcək
Hadisə ilə bağlı hüquqi tədbirlərin də görülməsi gözlənilir. "Korintians" qarşıdurmada iştirak edən "Ferroviariya" futbolçusu Ana Karla Vitoriya Vianna Limaya qarşı polisə şikayət edəcəyini açıqlayıb. Klub, həmçinin San-Paulu Futbol Federasiyasına (FPF) rəsmi etiraz göndərəcək.
Braziliya təmsilçisi baş verənləri qəbuledilməz adlandırıb və zorakılığın idmanın hörmət, intizam və ədalətli mübarizə prinsiplərinə zidd olduğunu bildirib.
San-Paulu Futbol Federasiyası da hadisəni pisləyib. Qurum məsələni araşdırmaq üçün idman ədalət orqanlarına göndərəcəyini və mümkün cəzaların nəzərdən keçiriləcəyini açıqlayıb.