İngiltərənin "Tottenhem" futbol komandasının müdafiəçisi Pedro Porro İspaniyanın "Barselona" və "Real Madrid" klublarının maraq dairəsinə düşüb.
İdman.Biz xəbər verir ki, İspaniya millisinin heyətində DÇ-2026-nın qalibi olan 27 yaşlı futbolçunun uğurlu çıxışı Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Dünya çempionatında nümayiş etdirdiyi yüksək səviyyəli oyun Porronun transfer bazarındakı mövqeyini gücləndirib. Son həftələrdə həm "Barselona", həm də "Real Madrid"in onunla maraqlandığı barədə məlumatlar yayılıb.
Futbolçu özü də bir neçə gün əvvəl "Cadena SER" radiosuna müsahibəsində İspaniya çempionatına qayıtmaq istədiyini bildirib.
"Bura mənim ölkəmdir və çempionatı bəyənirəm. Hazırda müqaviləm olduğu üçün öz klubumdan başqa məsələlər haqqında danışmaq düzgün olmazdı. Amma əlbəttə, İspaniyaya qayıtmaq istərdim. Bu, məni çox sevindirərdi", - deyə Porro bildirib.
"Barselona" və ya "Real Madrid"də oynamaq ehtimalı barədə suala isə müdafiəçi konkret seçim etmədən cavab verib:
"Özümü hər şeyə uyğunlaşa bilən futbolçu hesab edirəm".
Bununla belə, Porro mümkün transferlə bağlı gözləntiləri azaltmağa çalışıb:
"Maraq var, vəziyyətinlə maraqlanırlar, amma real maraq yoxdur".
İngiltərə mətbuatında yayılan məlumatlara əsasən, London klubu ispaniyalı müdafiəçinin ayrılmasını asanlaşdırmaq niyyətində deyil.
"Tottenhem" Porronun transfer qiymətini 70-80 milyon avro civarında müəyyənləşdirməyi planlaşdırır. Bu məbləğ həm "Barselona", həm də "Real Madrid" üçün mümkün keçidi çətinləşdirə bilər.
Bundan başqa, futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2031-ci ilin iyununa qədər qüvvədədir. Porro dünya çempionatından əvvəl müqaviləsini yeniləyərək turnirə rahat şəkildə hazırlaşmaq imkanı əldə edib.