"Sabah" futbol komandasının müdafiəçisi Aden Makkartinin atası, Cənubi Afrika millisinin sabiq üzvü Fabian Makkarti oğlunun karyerası və tərbiyəsinə yanaşması barədə danışıb.
İdman.Biz "Soccer Laduma" nəşrinə istinadən xəbər verir ki, keçmiş müdafiəçi bu açıqlamanı sabiq komanda yoldaşı Metyu Butun Yohannesburqda keçirilən "A Game of Two Halves" adlı kitabının təqdimatında verib.
Butun gələcəyin futbol ulduzlarını yetişdirən valideynlərə hansı məsləhətləri verəcəyi barədə sualını cavablandıran Makkarti övladlarının futbolçu kimi inkişafına müdaxilə etmədiyini bildirib.
"Mənim üçün hər şey sadə idi. Həm Aden, həm də Ostin üçün sadəcə atayam. Adenə heç vaxt məşqçilik etməmişəm. Onun "ata, oynamıram, məşqçi belə edir, elə edir" kimi şikayətlərinə qarışmamışam. Onlara öz fikirlərini bildirmək və qərar vermək imkanı yaratmışam", - deyə o vurğulayıb.

Cənubi Afrika millisinin sabiq üzvü valideynlərin övladlarının idman karyerasına həddindən artıq müdaxilə etməsinin düzgün olmadığını qeyd edib:
"Mən sadəcə ata, ailəni təmin edən, qoruyan və qayğı göstərən bir insanam. Valideynlərə tövsiyəm də budur: uşağınızın öz uşaqlığını yaşamasına imkan verin. Qoy futbol oynamaqdan zövq alsın, əylənsin və oyunu sevsin".
Makkarti bəzi valideynlərin uşaqlarını daha çox oynamaq imkanı əldə etmələri üçün bir komandadan digərinə keçirməsini də tənqid edib.
"Qoy futbolu bizdən daha çox özləri istəsinlər. Məncə, valideynlərin əksəriyyəti məhz burada səhvə yol verir. Uşağı oynamadığı üçün bir komandadan çıxarıb, məşqçi ilə dostluq münasibətləri olduğuna görə başqa komandaya aparırlar. Bu yanaşma işləmir", - deyə o əlavə edib.
Fabian Makkarti böyük oğlu Adenin hazırda "Sabah"ın heyətində UEFA Çempionlar Liqasında çıxış etməsindən qürur duyur. Onun kiçik oğlu Ostin isə Cənubi Afrikanın "Kayzer Çifs" klubunun aşağı yaş qruplarında futbolçu kimi yetişir.
Qeyd edək ki, Aden Makkarti Cənubi Afrika milli komandasının Keniya ilə 13 və 17 noyabrda keçirəcəyi Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları üçün ilkin heyətə dəvət alıb. Müdafiəçinin yekun heyətdə yer alıb-almayacağı gələn həftə məlum olacaq.
