Bu gün, oktyabrın 27-də Almaniya Kubokunun (DFB-Pokal) 1/16 final mərhələsinə start veriləcək. İki gün ərzində 32 komanda 16 qarşılaşma keçirəcək və nəticədə növbəti mərhələnin iştirakçıları müəyyənləşəcək.
İdman.Biz xəbər verir ki, Almaniya Kubokunun cari mövsümü artıq qeyri-adi hadisə ilə yadda qalıb. 2008/09 mövsümündən bəri ilk dəfə Bundesliqanın bütün 18 klubu ilk mərhələni uğurla keçib. Beləliklə, 18 ildən sonra ilk dəfə yüksək liqanın heç bir təmsilçisi startda mübarizəni dayandırmayıb.
Lakin 1/16 finaldan sonra bu mənzərə mütləq dəyişəcək. Çünki dörd qarşılaşmada Bundesliqa klubları bir-biri ilə üz-üzə gələcəklər. Bu isə ən azı dörd yüksək liqa təmsilçisinin turnirlə vidalaşacağı deməkdir.
"Borussiya" uğursuz seriyaya son qoymaq istəyir
İlk oyun gününün mərkəzi qarşılaşması Dortmund "Borussiya"sı ilə Bremen "Verder"i arasında keçiriləcək.
Niko Kovaçın komandası bu görüşə iki ardıcıl qələbədən sonra çıxacaq. Dortmund təmsilçisi Çempionlar Liqasında Azərbaycanın "Sabah" klubunu 2:1, Bundesliqada isə Frankfurt "Ayntraxt"ını 1:0 hesabı ilə məğlub edib.
Bununla belə, Kovaç futbolçularının qol imkanlarından daha səmərəli istifadə etməli olduqlarını etiraf edib.
Maraqlıdır ki, "Borussiya" ilə "Verder" arasında keçirilən son üç kubok qarşılaşmasının hamısında Bremen təmsilçisi qalib gəlib.
Ümumilikdə isə komandalar Almaniya Kubokunda səkkiz dəfə üz-üzə gəliblər və qüvvələr nisbəti tam bərabərdir — hərəyə dörd qələbə.
Bu rəqabətin tarixində xüsusi yer tutan görüşlərdən biri 1989-cu ilin finalıdır. Həmin qarşılaşmada dortmundlular "Verder"i 4:1 hesabı ilə məğlub edərək kuboku qazanıblar.
Daha bir maraqlı məqam odur ki, komandalar cari Bundesliqa mövsümündə artıq qarşılaşıblar. Həmin matçda Bremen təmsilçisi 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, bərabərliyi təmin edib. Üstəlik, görüşdəki bütün dörd qol 80-ci dəqiqədən sonra vurulub.
İlk oyun gününün digər maraqlı qarşılaşması "Hamburq"la "Ayntraxt" arasında olacaq. Almaniya Kubokunu dəfələrlə qazanmış iki tarixi klub üz-üzə gələcək.
Maraqlıdır ki, komandalar bir neçə gündən sonra Bundesliqada yenidən qarşılaşacaqlar.
"Köln" – "Union" matçı da Bundesliqa təmsilçilərinin birbaşa duellərindən biri olacaq.
"Bavariya" illər əvvəl onu mübarizədən kənarlaşdıran komanda ilə qarşılaşacaq
İkinci oyun gününün əsas qarşılaşması son kubok qalibi "Bavariya" ilə ikinci Bundesliqada çıxış edən "Maqdeburq" arasında keçiriləcək.
Münhen klubu 21 dəfə Almaniya Kubokunu qazanmaqla turnirin mütləq rekordçusudur.
İlk baxışdan favorit bəllidir. Ancaq bu komandaların qarşılaşma tarixi Almaniya Kubokunda gözlənilməz nəticələrin mümkün olduğunu göstərir.
2000-ci ildə "Maqdeburq" böyük sensasiyaya imza ataraq "Bavariya"nı mübarizədən kənarlaşdırmışdı. Həmin oyunda qalib penaltilər seriyasında 5:3 hesabı ilə müəyyənləşmişdi.
Aradan 26 il keçdikdən sonra "Maqdeburq" yenidən Almaniya nəhəngi ilə qarşılaşmaq imkanı qazanıb.
Bu dəfə oyun Münhendəki "Alyans Arena"da baş tutacaq.
Çərşənbə gününün digər diqqətçəkən görüşü "Paderborn"la ötən mövsümün finalçısı "Ştutqart" arasında olacaq. Bu, 1/16 final mərhələsində Bundesliqa klublarının qarşılaşdığı dördüncü cütdür.
"Bayer" doğma meydanda "Nürnberq"i qəbul edəcək, "Frayburq" isə "Volfsburq"la üz-üzə gələcək.
Sensasiyalar kimdən gözlənilir?
Aşağı liqa təmsilçiləri də növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaqlar.
Üçüncü liqada çıxış edən "Rot-Vays Essen" "Leyptsiq"i qəbul edəcək. "Zonnenhof Qrossaspax" isə "Auqsburq"a qarşı oynayacaq.
1/16 finala yüksəlməyi bacaran yeganə dördüncü liqa təmsilçisi "Yeddelo II"dir. Əvvəlki mərhələdə "Haydenhaym"ı 5:2 hesabı ilə məğlub edən komanda indi Berlin "Herta"sını qəbul edəcək.
Belə qarşılaşmalar Almaniya Kubokunun əsas özəlliklərindən biridir. Bu turnirdə favorit statusu növbəti mərhələyə vəsiqəyə zəmanət vermir.
Almaniya Kubokunun 1/16 final mərhələsinin bütün oyunları
27 oktyabr, çərşənbə axşamı
21:00 - "Bohum" – "Maynts"
21:00 - "Zonnenhof Qrossaspax" – "Auqsburq"
21:00 - "Rot-Vays Essen" – "Leyptsiq"
21:00 - "Hamburq" – "Ayntraxt"
23:45 - "Köln" – "Union"
23:45 - "Borussiya" M – "Karlsrue"
23:45 - "Elversberq" – "Darmştadt"
23:45 - "Borussiya" D – "Verder"
28 oktyabr, çərşənbə
21:00 - "Frayburq" – "Volfsburq"
21:00 - "Dinamo" Drezden – "Şalke"
21:00 - "Paderborn" – "Ştutqart"
21:00 - "Yeddelo II" – "Herta"
23:45 - "Holştayn Kil" – "Hoffenhaym"
23:45 - "Hannover" – "Kayzerslautern"
23:45 - "Bayer" – "Nürnberq"
23:45 - "Bavariya" – "Maqdeburq"
Qeyd: Bütün oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.
Növbəti mərhələlər nə vaxt keçiriləcək?
Bütün cütlərdə qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əsas vaxt heç-heçə başa çatarsa, hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Qalib yenə müəyyənləşməsə, penaltilər seriyası keçiriləcək.
1/8 final mərhələsinin püşkatması noyabrın 1-də baş tutacaq. Bu mərhələnin qarşılaşmaları isə dekabrın 1–2-də keçiriləcək.
Dörddəbir final oyunları 2027-ci ilin fevralında, yarımfinallar isə aprelin 20-21-də təşkil olunacaq.
Almaniya Kubokunun final matçı 2027-ci il mayın 29-da Berlindəki Olimpiya Stadionunda keçiriləcək.