AFFA İntizam Məcəlləsinin, demək olar ki, bütün maddələrində dəyişiklik edilib.
İdman.biz xəbər verir ki, bunu "Report"a milli assosiasiyanın İntizam Komitəsinin sədri Erkin Hüseynov deyib.
O, yenilənmiş İntizam Məcəlləsinin hüquqi cəhətdən daha da təkmilləşdirildiyini bildirib: "Bu sənəddə bir çox dəyişikliklər olub. Detallar barədə çox danışa bilməyəcəyəm. Demək olar ki, 1-ci maddədən sonuncuya qədər hamısında dəyişiklik var. Bunlar tək cəzaların məbləğləri ilə bağlı deyil".
Hüseynov sənədi əvvəlki ilə müqayisə edib: "Hüquqi nəzəriyəsinə baxanda artıq İntizam Məcəlləsinə oxşayır. Əvvəlki bir az səthi formada idi. Hazırkı variant komitəmizin üzvləri ilə birlikdə hüquqşunaslar tərəfindən təkmilləşdirilib".
Qeyd edək ki, AFFA ötən gün 2025/2026 mövsümü üçün İntizam Məcəlləsinin yeniləndiyini açıqlayıb. Bildirilib ki, yeni variant struktur və hüquqi cəhətdən təkmilləşdirilib, mövcud terminologiya daha dəqiq və sistemli şəkildə ifadə olunub.
Məcəlləyə yeni anlayışlar əlavə edilib, intizam pozuntularının əhatə dairəsi genişləndirilib və dəqiqləşdirilib, intizam tədbirlərinin növləri və tətbiq mexanizmləri aydın şəkildə tənzimlənib.
İdman.biz