"UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün "Levski" ilə qarşılaşacaq "Sabah" Bolqarıstandan ən azı heç-heçə ilə dönə bilər".
İdman.biz xəbər verir ki, bunu "Report"a açqlamasında Azərbaycan millisinin sabiq üzvü Emin Quliyev deyib.
Futbolçu kimi Bolqarıstanın "Liteks" və "Çerno More" klublarında çıxış etmiş 48 yaşlı sabiq müdafiəçi Bakı təmsilçisinə inanır: "Mən Bolqarıstanda oyandığım dönəmlərdə "Levski" yaxşı komanda idi. Həmçinin çempionatları da güclü idi. Son vaxtlar isə bir qədər zəifləyiblər, əvvəlki kimi deyil. "Levski"nin hansı səviyyədə olması barədə dəqiq nəsə deyə bilmərəm. Amma "Sabah"ın son oyunlarına baxmışam. Normal futbol sərgiləyirlər. İnanıram ki, şans bizim tərəfimizdə olacaq. "Sabah" səfərdən ən azı heç-heçə ilə dönə bilər. Lakin bunun üçün oynamalısan, vuruşmalısan. Nəinki Bolqarıstan klubuna, bütün komandalara qarşı köklənməlisən. Eyni zamanda rəqibə də hörmət etmək lazımdır".
Qeyd edək ki, "Levski" - "Sabah" görüşü Bolqarıstanın paytaxtı Sofiyadakı Georgi Asparuxov adına stadionda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
İdman.biz