Dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarından biri olan "Qızıl top"un 2026-cı il üzrə təqdimetmə mərasimi oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.
İdman.Biz "The Guardian"a istinadən xəbər verir ki, "London Palladium" teatrında baş tutacaq tədbirin İngiltərədə keçirilməsi mükafatın ilk qalibi Stenli Metyuzun xatirəsinə ehtiram əlamətidir.
1956-cı ildə təsis edilən "Qızıl top" bu il 70 illik yubileyini qeyd edir. Mükafatın ilk sahibi həmin vaxt "Blekpul"da çıxış edən 41 yaşlı Stenli Metyuz olub. İngiltərə futbolunun əfsanəsi bu mükafatı qazanan ən yaşlı futbolçu kimi də tarixə düşüb.
Metyuz dövrünün ən yenilikçi futbolçularından biri hesab edilirdi. O, yüngül butsların istifadəsinə, xüsusi məşq proqramlarına və düzgün qidalanmaya böyük əhəmiyyət verirdi. İngiltərə millisində 54 oyun keçirən futbolçu peşəkar karyerasını 50 yaşında başa vurub.
Metyuzun fəaliyyəti təkcə İngiltərə ilə məhdudlaşmayıb. O, Cənubi Afrikada aparteid dövründə gənc futbolçuların inkişafına dəstək verib, yerli komandaya rəhbərlik edib və onların Braziliyaya səfərinin təşkilində iştirak edib.
"Qızıl top"un son illərdə mükafatlandırma tədbirinə Parisdəki "Şatle" teatrı ev sahibliyi edib.
Tədbirə Fransanın sabiq futbolçusu Tyerri Anri və idman aparıcısı Keyt Skott aparıcılıq edəcəklər.
Mərasimdə kişi və qadın futbolçular arasında ilin ən yaxşı oyunçuları ilə yanaşı, ən yaxşı gənc futbolçular, qapıçılar, məşqçilər və klublar da mükafatlandırılacaq.
Qeyd edək ki, mərasim Bakı vaxtı ilə isə 23:59-da başlayacaq.