Qadınlardan ibarət UNEC voleybol klubu Azərbaycan çempionatının 2026/2027 mövsümündə əsasən gənclərdən ibarət heyətlə mübarizə aparacaq.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Fərid Cəlalov deyib.
Mütəxəssis qarşıya qoyulan hədəflər haqqında danışıb:
"Bu mövsüm UNEC gənclərdən təşkil olunmuş heyətlə yarışa qatılacaq. Ötən il gənclərin çempionatında iştirak edən heyətdən bir neçə voleybolçunu komandaya cəlb etmişik. Hətta 14-16 yaşlı voleybolçular heyətdə yer alıblar. Hədəfimizdən biri çempionatda yüksək pillələr uğrunda mübarizə aparmaqdırsa, digəri gəncləri inkişaf etdirərək Azərbaycan voleybolunun tərəqqisinə töhfə verməkdir".
F.Cəlalov heyətin komplektləşdirildiyini və təlim-məşq toplanışının başlanacağını bildirib:
"Transferləri reallaşdırmışıq və heyəti demək olar ki, komplektləşdirmişik. Yaxın bir neçə gün ərzində hazırlığa başlamağı planlaşdırırıq".