"Barselona"nın futbolçusu Entoni Qordon Bakıda keçirdiyi vaxtdan məmnun qaldığını bildirib.
Oxu.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, ingiltərəli hücumçu UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin V turunda "Sabah"la keçirilən oyunda dubl edərək komandasının qələbəsində mühüm rol oynayıb.
Qarşılaşmadan sonra matçın ən yaxşı oyunçusu seçilən Qordon Bakı ilə bağlı fikirlərini bölüşüb. Ondan "Qarabağ"a qarşı 4 və "Sabah"a qarşı 2 qol vurmasından sonra "Bakı kralı" olub-olmadığını soruşublar. Futbolçu isə gülərək bu fikirlə razılaşmayıb və paytaxtımızın onun üçün xüsusi yer olduğunu vurğulayıb:
"Bunu deməzdim, amma bura mənim üçün çox xüsusi yerdir. Het-trik etməliydim, amma sol ayağımla fürsəti qaçırdım. Çox xoşbəxtəm".
Qordon səfərin və ailəsindən uzaqda olmağın asan keçmədiyini dilə gətirib. Bununla belə, komandasının "Sabah"a hörmətlə yanaşdığını və öz oyununu nümayiş etdirdiyini bildirib.
İngiltərəli futbolçu Bakıya yenidən qayıtmaq istəyib-istəmədiyi ilə bağlı suala belə cavab verib:
"Əlbəttə, qayıtmaq istəyirəm. Ümid edirəm, tezliklə yenidən burada olaram".
Qeyd edək ki, Entoni Qordon bu ilin fevralında "Nyukasl"ın heyətində "Qarabağ"a qarşı ÇL-nin pley-off mərhələsində dörd qol vurub. "Sabah"a qarşı dublundan sonra onun bu il Bakıda sözügedən turnirdə vurduğu qolların sayı altıya çatıb.