"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli "Formula-1" üzrə dünya çempionatının 22-ci mərhələsi olan Qətər Qran-prisinin qalibi olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ikinci yeri onun komanda yoldaşı, britaniyalı Corc Rassel tutub. "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri isə finiş xəttini üçüncü keçib.
Antonelli daha əvvəl ümumi sıralamada çempionluğunu təmin edib. Hazırda onun aktivində 427 xal var. Qətər Qran-prisinin nəticələrinə əsasən, dördqat dünya çempionu, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen 316 xalla ikinci yeri təmin edib.
Üçüncü yer uğrunda isə britaniyalı pilotlar Corc Rassel ("Mercedes", 282 xal), Lyuis Hemilton ("Ferrari", 275 xal) və Lando Norris ("McLaren", 274 xal) mübarizə aparırlar.
Konstruktorlar Kubokunda "Mercedes" (709 xal) və "Ferrari" (531 xal) müvafiq olaraq birinci və ikinci yerləri təmin ediblər. Sonrakı pillələrdə hərəyə 456 xalla "Red Bull" və "McLaren" komandaları qərarlaşıblar.
Dünya çempionatının sonuncu - 23-cü mərhələsi dekabrın 4-6-da Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.