Qadınlardan ibarət milli komandanın baş məşqçisi Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.
Bu barədə "Report"a ABF-dən məlumat verilib.
2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarımıza rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandalarımızın başında yer alıb.
Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.
Evren Alkaya fəaliyyəti dövründə gənc basketbolçuların inkişafına və onların əsas milli komandaya hazırlanmasına xüsusi diqqət ayırıb.