Bir gün basketbol meydançasında 81 xal toplayır, başqa bir gün zədələnmiş ayağına baxmayaraq komandasını təkbaşına mübarizəyə aparırdı. Onun üçün məğlubiyyət sadəcə hesabda uduzmaq deyildi. Hər uğursuzluq növbəti dəfə daha güclü qayıtmaq üçün səbəb idi. O, özünə "Qara Mamba" adını seçmişdi. Kobi Brayant üçün bu, sadəcə ləqəb yox, həyat fəlsəfəsi idi.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə basketbol tarixinin ən böyük simalarından biri, milyonlarla insanın sevimlisinə çevrilən, lakin həyatı faciəvi şəkildə yarımçıq qalan Kobi Brayantın həyat və karyerasından bəhs edəcəyik.
Basketbolla yaşayan uşaqlıq
Kobi Bin Brayant 1978-ci il avqustun 23-də ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində dünyaya gəlib. Basketbol onun həyatına təsadüfən daxil olmamışdı. Atası Co Brayant da peşəkar basketbolçu idi və NBA-də çıxış etmişdi.
Kobi altı yaşında olarkən ailəsi İtaliyaya köçdü. Atası karyerasını Avropada davam etdirdiyi üçün gələcək ulduz uşaqlığının böyük hissəsini bu ölkədə keçirdi. O, italyan dilini öyrəndi, futbol oynadı, amma basketbola sevgisi heç vaxt azalmadı.
1991-ci ildə ailə ABŞ-yə qayıtdı. Kobi Aşağı Merion məktəbinin komandasında çıxış etməyə başladı. Burada göstərdiyi oyunla qısa müddətdə diqqətləri üzərinə çəkdi. Məktəb komandasını dörd il ardıcıl ştat çempionluğuna aparan gənc basketbolçu artıq peşəkar karyeraya hazır idi.

Universitetə getmədi, birbaşa NBA-yə yollandı
1996-cı ildə Kobi Brayant universitetdə təhsil almaq əvəzinə NBA draftına qatılmaq qərarı verdi. O, "Şarlott Hornets" tərəfindən 13-cü sıradan seçildi, daha sonra "Los-Anceles Leykers"ə dəyişdirildi.
Beləliklə, Brayantın 20 il davam edəcək NBA karyerası başladı.
İlk mövsümlərində əsasən ehtiyat oyunçusu kimi meydana çıxsa da, istedadı və meydandakı cəsarəti onu tezliklə komandanın aparıcı simalarından birinə çevirdi. Cəmi 19 yaşında "NBA All-Star" matçının start heyətinə seçilən ən gənc basketbolçu oldu.
Onun qarşısında böyük hədəf vardı: çempionluq.

Şakil O'Nil ilə birlikdə zirvəyə
1990-cı illərin sonlarında Kobi Brayantın Şakil O'Nillə tərəfdaşlığı "Leykers"ə yeni güc verdi. İki ulduzun meydandakı uyğunluğu komandanı NBA-in ən güclülərindən birinə çevirdi.
2000, 2001 və 2002-ci illərdə ""Leykers ardıcıl üç dəfə NBA çempionu oldu. Lakin bu uğurların arxasında yalnız meydandakı əməkdaşlıq yox, iki böyük xarakterin mübarizəsi də dayanırdı.
Brayant və O'Nil arasında münasibətlər zamanla gərginləşdi. Hər ikisi komandanın əsas lideri olmaq istəyirdi. Nəticədə O'Nil 2004-cü ildə "Mayami Hit"ə göndərildi. Kobi isə Los-Ancelesdə qaldı.
Bu ayrılıqdan sonra onun üzərinə daha böyük məsuliyyət düşdü. Artıq bütün komanda ondan nəticə gözləyirdi.

Bir gecədə 81 xal - NBA tarixinin unudulmaz anı
2006-cı il yanvarın 22-də Kobi Brayant basketbol tarixinin ən möhtəşəm fərdi çıxışlarından birinə imza atdı.
"Toronto Reptors"la qarşılaşmada 81 xal topladı. Bu, NBA tarixində bir oyunda qeydə alınmış ikinci ən yüksək nəticədir. Yalnız Uilt Çemberlenin 1962-ci ildə topladığı 100 xal bu göstəricini üstələyir.
Həmin gecə Kobi meydanda demək olar ki, dayanmaq bilmirdi. Uzaq məsafədən dəqiq atışlar, çətin vəziyyətlərdə qazanılan xallar və rəqib müdafiəsini yarmaq bacarığı onun nəyə qadir olduğunu bir daha göstərdi.
2006 və 2007-ci illərdə NBA-in ən çox xal toplayan basketbolçusu oldu. 2008-ci ildə isə mövsümün ən dəyərli oyunçusu seçildi.
Yenidən çempionluq və böyük qayıdış
Kobi Brayant təkcə fərdi rekordlarla kifayətlənmək istəmirdi. Onun əsas arzusu yenidən NBA çempionu olmaq idi.
2008-ci ildə "Leykers" finala yüksəlsə də, "Boston Seltiks"ə uduzdu. Ancaq Brayant bu məğlubiyyətdən sonra daha güclü qayıtdı.
2009-cu ildə komanda "Orlando Mecik"i məğlub edərək çempion oldu. Kobi ilk dəfə final seriyasının ən dəyərli oyunçusu seçildi. Bir il sonra isə "Leykers" "Boston Seltiks"ə qalib gələrək ardıcıl ikinci çempionluğunu qazandı. Beləliklə, Brayantın çempionluq üzüklərinin sayı beşə çatdı.
O, həmçinin 2008 və 2012-ci illərdə ABŞ millisi ilə Olimpiya çempionu oldu.

Ağrılar, zədələr və sonadək mübarizə
Kobi Brayantın karyerası yalnız qələbələrdən ibarət deyildi. İllər keçdikcə ağır zədələr onun meydanda qalmasını çətinləşdirdi.
2013-cü ilin aprelində "Qolden Steyt Uorriorz"la oyunda Axilles vətərini qopardı. Buna baxmayaraq, zərbə atışlarını yerinə yetirdikdən sonra meydanı tərk etdi. Bu səhnə onun mübarizə əzminin simvollarından birinə çevrildi.
Bərpa prosesi uzun və çətin keçdi. Sonrakı mövsümlərdə yenidən zədələndi, dizindən və çiynindən problemlər yaşadı. Artıq əvvəlki kimi sürətli deyildi, amma basketboldan ayrılmaq istəmirdi.
2016-cı il aprelin 13-də isə NBA karyerasının son oyununa çıxdı. "Yuta Cazz"la qarşılaşmada 60 xal topladı. 37 yaşlı basketbolçu son dəfə meydanı başı dik tərk etdi.

"Mamba mentality" - meydandan kənara çıxan fəlsəfə
Brayantın adı çəkiləndə ilk yada düşən ifadələrdən biri "Mamba mentality"dir. Bu anlayış onun üçün istedadla kifayətlənməmək, hər gün öz üzərində işləmək, uğursuzluqdan qorxmamaq və məqsədə çatmaq üçün intizamlı olmaq demək idi.
O, məşqlərə erkən gəlməsi, əlavə saatlarla çalışması və daim rəqabət aparmaq istəyi ilə tanınırdı.
2015-ci ildə basketbolla vidalaşdığını elan etdikdən sonra başqa sahələrdə özünü sınadı. 2018-ci ildə basketbol sevgisini ifadə edən "Dear Basketball" qısametrajlı animasiya filmi ilə "Oskar" mükafatına layiq görüldü.
O, həmçinin gənc basketbolçuların yetişməsinə xüsusi diqqət ayırırdı. Qızı Canna ilə birlikdə basketbol oyunlarına qatılır, ona və digər gənclərə bu idman növünün incəliklərini öyrədirdi.

Bir səfər, iki yarımçıq arzu
2020-ci il yanvarın 26-sı basketbol dünyası üçün qara günə çevrildi.
Kobi Brayant 13 yaşlı qızı Canna ilə birlikdə helikopterlə Kaliforniyanın Kalabasas şəhərinə yollanırdı. Onlar Brayantın məşqçilik etdiyi basketbol turnirinə gedirdilər. Lakin helikopter qəzaya uğradı. Kobi və Canna da daxil olmaqla, göyərtədəki doqquz nəfərin hamısı həyatını itirdi.
41 yaşlı əfsanənin ölümü bütün dünyanı sarsıtdı. Onunla birlikdə basketbola böyük həvəsi olan qızının da həyatını itirməsi faciəni daha da ağırlaşdırdı.
Kobi Brayant arxasında beş NBA çempionluğu, 18 "All-Star" dəvəti, iki Olimpiya qızıl medalı və saysız-hesabsız unudulmaz anlar qoydu. 2020-ci ildə ölümündən sonra Basketbol Şöhrət Zalına daxil edildi.
Onun həyatı 41 yaşında sona çatdı. Ancaq meydanda yaratdığı tarix, özünə verdiyi "Qara Mamba" adı və milyonlarla insana aşıladığı mübarizə ruhu yaşamaqda davam edir.
Kobi Brayant üçün basketbol sadəcə oyun deyildi. Bu, hər gün özünü yenidən sübut etmək, yıxıldıqdan sonra ayağa qalxmaq və heç vaxt təslim olmamaq idi. Bəlkə də buna görə o, yalnız qazandığı titullarla deyil, meydanda qoyduğu izlə də xatırlanır.
