İspaniyanın Majadahonda şəhərindəki bir klinikanın direktoru, ön çarpaz bağ (ÖÇB) zədələrinin reabilitasiyası üzrə ixtisaslaşmış fizioterapevt Anxel Vilyanueva, Çempionlar Liqasının Liqa mərhələsində "Barselona"ya qarşı keçirilən oyunda PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliyanın aldığı zədə ilə bağlı şərh verib. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib:
"Toqquşma anı sağ dizdə məcburi "valqus" gərginliyini (dizin içəriyə doğru əyilməsini) açıq şəkildə göstərir. Bu zaman ayaq yerə bərkidilmiş və ətraf "qapalı kinetik zəncir" şəraitində yük altında qalmışdır.
Bu mənzərə ön çarpaz bağ (ÖÇB) və daxili yan bağın (DYB) kombinə olunmuş zədələnməsi üçün klassik haldır. Zədənin bərpa müddəti isə 9 aydır".
Qeyd edək ki, gürcü futbolçu "Barselona"nın müdafiəçisi Xavi Espartla toqquşduqdan sonra, 59-cu dəqiqədə əvəzlənib. O, ayağının üzərinə ağırlıq sala bilmədiyi üçün meydançanı Paris klubunun iki əməkdaşının dəstəyi ilə tərk edib.