Azərbaycan batut gimnastikasının lideri Selcan Mahsudova noyabrın 4-8-də Çinin Nankin şəhərində keçiriləcək dünya çempionatına böyük həvəslə hazırlaşır.
İdman.Biz xəbər verir ki, idmançı Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunun sonuncu mərhələsində uğurlu çıxış edərək iki qızıl medal qazanıb. O, fərdi yarışda, eləcə də qardaşı Mahsudla birlikdə qarışıq cütlüklər arasında sinxron tullanmalarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışdan sonra Mahsudova saytımıza açıqlamasında Kotbusun onun üçün uğurlu şəhər olduğunu bildirib.
"Parisdə keçirilən Olimpiya oyunlarına məhz burada vəsiqə qazandığımı xatırlayıram. Buna görə də bu şəhər mənim üçün əsl əfsanəyə çevrilir! Bu il də Kotbusda uğur məndən yan keçmədi. Nəticənin məhz lazım olan anda əldə olunması sevindiricidir. Həm fərdi yarışda, həm də qardaşımla birlikdə qalib gəlmək isə xüsusi xoşdur", - deyə batut gimnastı bildirib.
O, əldə etdiyi nəticənin vaxtında gəldiyini də vurğulayıb.
"Mövsüm ərzində Dünya Kubokunun demək olar ki, bütün mərhələlərində uğursuz çıxış etdim, finala yüksələ bilmədim və medal qazana bilmədim. Bu dəfə hər şeyin alınmasına çox sevinirəm. İki qızıl medal əvvəlki uğursuzluqların bir növ əvəzi oldu", - deyə Mahsudova əlavə edib.
Selcan, həmçinin fərdi yarışda qazandığı qızıl medal sayəsində cari mövsümün bütün Dünya Kuboku mərhələlərinin yekun reytinqində üçüncü yeri təmin etdiyini bildirib. Qarışıq cütlüklərin sinxron yarışında qazanılan qızıl medal isə duetin ümumi sıralamada birinci yerini möhkəmləndirib.
"Belə bir hekayədir. Əməyi, dəstəyi və mənim üçün gördüyü hər şeyə görə millinin baş məşqçisi Vladimir Vasilyeviç Şulikinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Noyabrın 4-də isə ilin səbirsizliklə gözlədiyim yarışı – dünya çempionatı başlayır", - deyə Mahsudova fikirlərini yekunlaşdırıb.