Vaxtilə "Çelsi" və "Arsenal"da çıxış etmiş, hazırda Braziliyanın "Flamenqo" klubunun formasını geyinən Jorjinyo dopinq qalmaqalının mərkəzinə düşüb.
İdman.Biz braziliyalı jurnalist Tyaqo Asmara istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən təşkil olunan yoxlama zamanı verdiyi dopinq nümunəsinin müsbət nəticə göstərdiyi iddia edilir.
Hələlik futbolçunun orqanizmində hansı qadağan olunmuş maddənin aşkarlandığı barədə məlumat yoxdur.
Jorjinyo, "Flamenqo" rəhbərliyi və CONMEBOL məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər. Mənbənin məlumatına görə, qayda pozuntusu təsdiqlənərsə, yarımmüdafiəçini altı aydan iki ilədək diskvalifikasiya gözləyə bilər.
Qeyd edək ki, Jorjinyo 2025-ci ilin iyunundan "Flamenqo"da çıxış edir. İtaliya millisinin sabiq üzvü daha əvvəl "Verona", "Napoli", "Çelsi" və "Arsenal"ın formasını geyinib.
O, "Çelsi" ilə Çempionlar Liqasının qalibi olub, 2021-ci ildə isə İtaliya millisinin heyətində Avropa çempionluğunu qazanıb.