"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqada "Barselona" ilə çempionluq uğrunda rəqabət aparmağın mümkün olduğunu düşünür. Bununla belə, argentinalı mütəxəssis hazırda yalnız "Deportivo" ilə qarşıdakı görüşə kökləndiklərini vurğulayıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Simeone La Liqanın onuncu turunda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında həm çempionluq mübarizəsinə, həm də rəqibin oyununa münasibət bildirib.
"Barselona"nın hazırkı heyəti ilə rəqabət aparmağın mümkün olub-olmadığı barədə suala baş məşqçi belə cavab verib:
"Bəli, əlbəttə, rəqabət aparmaq həmişə mümkündür. Bu, aydın məsələdir. Onların çox güclü komandaya sahib olması heç nəyi dəyişmir".
Lakin Simeone "Atletiko"nun çempionluğa əsas namizədlər sırasında göstərilməməsinin ona əlavə motivasiya verib-vermədiyi barədə danışmaq istəməyib:
"Bağışlayın, amma mən yalnız "Deportivo" haqqında danışmağa hazıram".
Mütəxəssis oktyabrın 25-də keçiriləcək "Real Madrid" - "Barselona" qarşılaşmasını necə izləyəcəyi barədə suala da qısa cavab verib:
"Mən "Deportivo" haqqında düşünürəm".
Simeone "Barselona" ilə qarşıdakı görüşün və El-Klasikonun "Deportivo" ilə matçın əhəmiyyətini artırıb-artırmadığı barədə suala cavabında da diqqəti növbəti rəqibə yönəldib:
""Barselona" ilə oyuna qədər bizi "Levante" və "Bavariya" ilə görüşlər gözləyir. Qarşıda hələ çox oyun var. Biz yalnız sabahkı matçı və rəqibə necə çətinlik yarada biləcəyimizi düşünürük.
"Deportivo" bütün oyunlarında yaxşı mübarizə aparır. Qələbələri, heç-heçələri və məğlubiyyətləri olub, amma həmişə yüksək səviyyədə çıxış edirlər. Cəsarətli komandadır. Ötən mövsüm İspaniya Kubokunda onlarla qarşılaşmışdıq və asan olmamışdı. Bütün gücümüzü qarşıdakı görüşdə layiqli çıxış etməyə yönəldirik".
Qeyd edək ki, "Atletiko" - "Deportivo" matçı oktyabrın 24-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.