Lüksemburq yığması tarixində ilk dəfə FIFA-nın təşkil etdiyi futbol üzrə dünya çempionatında iştirak edəcək. Bu ölkə üçün əlamətdar hadisə Bakıda baş verəcək. Oktyabrın 24-dən 30-dək Azərbaycan paytaxtında 15 yaşadək futbolçular arasında ilk FIFA Dünya Çempionatı və Festivalı keçiriləcək.
İdman.Biz Lüksemburqun "RTL Today" nəşrinə istinadən xəbər verir ki, turnirdə ölkəni Pol Hansenin rəhbərlik etdiyi U-16 yığmasının futbolçuları təmsil edəcəklər.
"Bu, Lüksemburqun futbol üzrə iştirak etdiyi ilk dünya çempionatıdır. Bu dəfə turnirdə iştirak etmək üçün seçmə mərhələdə mübarizə aparmağa ehtiyac olmayıb", - deyə mütəxəssis bildirib.
Hansenin sözlərinə görə, yarışın əhəmiyyəti təkcə nəticələrlə ölçülmür. Turnir gənc futbolçulara beynəlxalq yarışlarda nadir hallarda qarşılaşdıqları ölkələrin komandaları ilə oynamaq imkanı verəcək.
Baş məşqçi futbolçularının hər oyundan maksimum təcrübə qazanmağa çalışacaqlarını bildirib.
Lüksemburq nümayəndə heyəti Bakıya səfərin təhsil baxımından da əhəmiyyətinə xüsusi diqqət yetirir.
Turnirdə 2011-2012-ci il təvəllüdlü 14 futbolçu iştirak edəcək. Onları məşqçi və inzibati heyətin altı üzvü müşayiət edəcək. Nümayəndə heyətində həkimlə yanaşı, məktəb müəllimi də olacaq.
Gənc futbolçular yarışla əlaqədar bir neçə gün dərslərdə iştirak edə bilməyəcəklər. Buna görə də federasiya onların Azərbaycanda olduqları müddətdə təhsillərini davam etdirmələri üçün şərait yaradıb. Hansen məktəblərlə əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.
Lüksemburqda ümid edirlər ki, dünya çempionatında iştirak gənc futbolçuların gələcək karyeralarına da müsbət təsir göstərəcək. Son illərdə ölkənin futbol federasiyası istedadlı oyunçuların xarici klublara keçməsinə daha fəal dəstək verir.
İlk FIFA U-15 Dünya Çempionatı və Festivalı fərqli formatda keçiriləcək. Komandalar meydana səkkiz futbolçu ilə çıxacaq, oyunlar isə hər biri 20 dəqiqə davam edən iki hissədən ibarət olacaq.
Hər yığma turnir ərzində ən azı doqquz oyun keçirəcək. İlkin mərhələdən sonra komandalar nəticələrinə uyğun olaraq altı səviyyəyə bölünəcək. Daha sonra onlar özlərinə yaxın səviyyədə olan rəqiblərlə mübarizəni davam etdirəcəklər.
Lüksemburq yığması Q qrupunda mübarizə aparacaq. Komandanın ilkin mərhələdəki rəqibləri Sent-Vinsent və Qrenadinlər, Butan, Koreya Respublikası, Litva və Birləşmiş Ərəb Əmirlikləri olacaq.
Lüksemburqlular ilk oyunlarını oktyabrın 24-də Sent-Vinsent və Qrenadinlər yığmasına qarşı keçirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Turnirdə ümumilikdə 189 milli komanda iştirak edəcək. FIFA-nın məlumatına görə, onlardan 78-i beynəlxalq futbol qurumunun təşkil etdiyi dünya çempionatlarında ilk dəfə mübarizə aparacaq.