"Qarabağ" futbol komandasının sabiq hücumçusu Juninyo Meksika çempionatında baş verən qalmaqallı hadisə ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçunun çıxış etdiyi "Pumas" səfərdə "Santos Laquna"ya 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmanın sonlarında isə futbolçular və məşqçilər arasında kütləvi qarşıdurma yaranıb.
Hadisə Juninyonun əvəzlənərkən meydan sahiblərinin azarkeşlərinə ünvanladığı jestdən sonra baş verib. Hücumçu əlləri ilə 4:0 hesabını göstərərək "Pumas"ın rəqibi üzərində əvvəlki qələbəsini xatırladıb.
Bu hərəkət "Santos Laquna"nın ehtiyat oyunçular skamyasında narazılıq yaradıb. Tərəflər arasında əvvəlcə sözlü mübahisə, daha sonra isə itələşmə və əlbəyaxa dava olub.
İnsident zamanı "Pumas"ın fiziki hazırlıq üzrə məşqçisi Rodriqo Barrios rəqibin ehtiyat oyunçular skamyasına tərəf su qabı atdığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, qarşılaşmanın əvvəlində "Pumas"ın müdafiəçisi Natan Silva qırmızı vərəqə alıb. "Santos Laquna" isə hər iki qolunu penalti zərbələrindən vuraraq ardıcıl altıncı qələbəsini qazanıb.
Qeyd edək ki, Juninyo 2023-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, 2025-ci ilin yanvarında Ağdam təmsilçisindən Braziliyanın "Flamenqo" futbol komandasına beş milyon avroya transfer olunub.
2025-ci ildə "Flamenqo" ilə Braziliya çempionluğu və Libertadores Kubokunu qazanan hücumçu 2026-cı ilin əvvəlində eyni məbləğ qarşılığında Meksikanın "Pumas" klubuna keçib.