Türkiyənin "Fənərbağça" futbol komandasının yarımmüdafiəçisi Matteo Genduzi UEFA Çempionlar Liqasında Çexiyanın "Slaviya" (Praqa) komandası ilə qarşılaşmada etdiyi səhvə görə üzr istəyib.
İdman.Biz "Sporx" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu 2:2 hesabı ilə başa çatan görüşdə yol verdiyi top itkisinə görə komanda yoldaşlarından və məşqçilər heyətindən üzr istəyib.
Genduzinin səhvi rəqibin qollarından birinə səbəb olub. Futbolçunun baş verənlərə görə məyus olduğunu görən baş məşqçi İsmayıl Kartal ona dəstək verib.
"Üzülməyin heç nəyi dəyişməyəcək. Bu səhvi təkcə sən etməmisən, biz hamımız birlikdə etmişik. Baş verənləri unut və diqqətini ‘Qalatasaray"la derbiyə yönəlt", – deyə türkiyəli mütəxəssis bildirib.
Qeyd edək ki, "Fənərbağça" Çempionlar Liqasının üçüncü turunda doğma meydanda "Slaviya" ilə 2:2 hesablı heç-heçə edib. İstanbul təmsilçisi qarşılaşmanın ilk 11 dəqiqəsində iki top fərqi ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib.