top
1,2 milyon avroluq büdcədən Çempionlar Liqasına: “Sabah”ın prezidenti uğurun sirlərini açıqladı Idman.biz
Bu gün, 11:24
- ↺ +

1,2 milyon avroluq büdcədən Çempionlar Liqasına: “Sabah”ın prezidenti uğurun sirlərini açıqladı

"Sabah" futbol klubunun prezidenti Maqsud Adıgözəlov Polşanın "Weszlo" idman portalına geniş müsahibə verib. O, söhbət zamanı Bakı təmsilçisinin yaranma tarixindən, maliyyə modelindən, transfer siyasətindən, baş məşqçi Valdas Dambrauskasın fəaliyyətindən və klubun gələcək hədəflərindən danışıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionunun rəhbəri müsahibədə xüsusilə Aaron Maludanın təxminən 3 milyon avroya (5,7 milyon manat) satılması, futbol akademiyasının inkişafı üçün 5 milyon avroluq (9,5 milyon manat) fondun yaradılması və komandanın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinə imkan verən idarəetmə prinsipləri ilə bağlı maraqlı məqamları açıqlayıb.

"Sabah" necə yaranıb?

Adıgözəlovun sözlərinə görə, klubun yaradılması ideyası 2017-ci ildə Azərbaycanın Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ortaya çıxıb. Əsas məqsəd "Vətən" futbol məktəbinin yetirmələrinə peşəkar karyeralarını davam etdirmək imkanı yaratmaq olub.

Klubun "Sabah" adlandırılması da təsadüfi deyil. Bu ad gənc futbolçuların gələcəyinə verilən önəmi ifadə edir.

Klub prezidenti bildirib ki, komandanın Premyer Liqada çıxış etdiyi ilk mövsümdə büdcəsi təxminən 1,2 milyon avro (2,3 milyon manat) olub. 2018-ci ildə isə klubun nə şəxsi ofisi, nə də stadionu vardı. Bütün təşkilati işləri Adıgözəlov və daha iki əməkdaş həyata keçirirdi.

Sonradan Masazırda stadion tapılıb. Əvvəlcə arena kommersiya şərtləri ilə icarəyə götürülüb. Daha sonra isə infrastrukturun yaxşılaşdırılmasına investisiya yatırılması müqabilində stadiondan ödənişsiz istifadə barədə razılıq əldə edilib.

Adıgözəlov etiraf edib ki, ilk illərdə klubun qarşılaşdığı ən böyük çətinlik maliyyə çatışmazlığı deyil, ona göstərilən inamsızlıq olub. Bir çoxları "Sabah"ın müvəqqəti layihə olduğunu düşünürdü. Hətta bəzi futbolçular transfer şərtləri razılaşdırıldıqdan bir gün sonra fikirlərini dəyişərək komandaya keçməkdən imtina ediblər.

Aaron Maludanın transferindən milyonlarla avro qazanc

Klub prezidentinin müsahibəsində diqqətçəkən məqamlardan biri də Aaron Maludanın transfer tarixçəsi olub.

Adıgözəlovun sözlərinə görə, "Sabah"ın inkişaf strategiyasında skautinq, məlumatların təhlili və müasir texnologiyalardan istifadə mühüm yer tutur.

O, "Moneyball" filminin yanaşmasını bəyəndiyini, İngiltərənin "Brayton" klubunu isə bu sahədə uğurlu nümunələrdən biri hesab etdiyini bildirib.

Prezident skautinq sisteminin qurulmasında klubun baş icraçı direktoru Ramin Həsənovun xüsusi rolunu vurğulayıb. Bununla yanaşı, statistik məlumatların yalnız onlardan düzgün istifadə etməyi bacaran mütəxəssislərin əlində faydalı olduğunu qeyd edib.

Aaron Maludanın transferi bu modelin ən uğurlu nümunələrindən biridir.

Fransanın "Lill" klubunun ikinci komandasında çıxış edən futbolçu əvvəlcə icarə əsasında "Sabah"a cəlb olunub. Həmin vaxt Maludanın böyüklər səviyyəsində, demək olar ki, heç bir təcrübəsi yox idi. Buna baxmayaraq, Bakı klubu skautların tövsiyəsinə güvənərək futbolçuya şans verib.

Uğurlu mövsümdən sonra "Sabah" Maludanın transfer hüquqlarını 250 min avroya (təxminən 477 min manat) alıb. Daha sonra isə futbolçu təxminən 3 milyon avroya İsveçrənin "Bazel" klubuna satılıb. Bu, "Sabah" tarixində rekord satış olub.

Adıgözəlovun fikrincə, bu uğurun arxasında futbolçunun potensialını vaxtında müəyyənləşdirən skautların, ona inanan məşqçilərin və inkişafı üçün şərait yaradan klub rəhbərliyinin birgə fəaliyyəti dayanır.

Prezident əlavə edib ki, Avropanın güclü liqalarında tanınan gənc futbolçuları Azərbaycan çempionatına gətirmək asan deyil. Buna görə də "Sabah" Fransa və Portuqaliyanın aşağı liqaları kimi daha az diqqət çəkən bazarlarda istedadlı oyunçular axtarır.

Belə futbolçular üçün Azərbaycan Premyer Liqası Avropanın daha güclü çempionatlarına keçid mərhələsinə çevrilə bilər.

Hücum futbolu və komandanın potensialı

Adıgözəlov bildirib ki, "Sabah" yarandığı gündən hücum futboluna üstünlük verir.

Klub sürətli, texnikalı, driblinq bacarığı yüksək olan və təkbətək mübarizələrdə fərq yarada bilən futbolçulara xüsusi diqqət yetirir.

Prezident hazırkı heyətin inkişafından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, futbolçular yaşlarından və klubda keçirdikləri müddətdən asılı olmayaraq inkişaf etməyə davam edirlər.

Adıgözəlov Valdas Dambrauskasla söhbətlərinin birində komandanın potensialının hələ tam üzə çıxmadığını düşündüyünü də qeyd edib.

Valdas Dambrauskasın təyinatının bilinməyən detalları

Klub rəhbəri litvalı baş məşqçi Valdas Dambrauskasla bağlı da maraqlı məlumatlar açıqlayıb.

Onun sözlərinə görə, "Sabah" təxminən iki il yarım-üç il əvvəl də bu mütəxəssisi komandaya dəvət etməyə çalışıb.

Həmin vaxtdan Ramin Həsənovla Dambrauskas arasında yaxın münasibətlər yaranıb. Onlar müqavilə məsələlərindən daha çox futbol taktikası, məşqçilik yanaşmaları və müasir oyunun inkişafı barədə fikir mübadiləsi aparıblar.

Müsahibədə Dambrauskasın 2000-ci ildə Litvada keçirilən "Kim milyonçu olmaq istəyir?" televiziya yarışmasında iştirak etməsi də xatırlanıb. O, yarışmada qazandığı pulla İngiltərədə məşqçilik kurslarına qatılıb.

Adıgözəlov baş məşqçini yüksək intellektə malik, çox mütaliə edən və geniş dünyagörüşlü insan kimi xarakterizə edib.

Onun sözlərinə görə, Dambrauskas şahmatı çox yaxşı oynayır, müxtəlif idman növlərinin tarixini dərindən bilir və futboldan kənar mövzulara da böyük maraq göstərir.

Klub prezidenti məşqçinin peşəkarlığı ilə yanaşı, müsbət xarakterini, səmimiliyini və insanlarla ünsiyyət qurmaq bacarığını da yüksək qiymətləndirib.

Prezident İlham Əliyevin dəstəyi ilə 5 milyon avroluq fond yaradılıb

Müsahibənin ən mühüm mövzularından biri "Sabah"ın akademiyasının uzunmüddətli inkişafı üçün yaradılan Sabah Endowment fondu olub.

Adıgözəlov bildirib ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin maliyyə dəstəyi ilə klub akademiyasının gələcək inkişafına yönəlmiş fond yaradılıb. Klub da əldə etdiyi gəlirlərin müəyyən hissəsini bu təşəbbüsə ayırıb.

Nəticədə fondun ilkin kapitalı təxminən 5 milyon avro (9,5 milyon manat) təşkil edib.

Planlaşdırılır ki, vəsait bank depozitləri və istiqrazlar kimi maliyyə alətlərinə yatırılaraq müntəzəm gəlir gətirsin. Əldə olunacaq gəlirlər akademiyanın infrastrukturunun yaxşılaşdırılmasına, gənc futbolçular üçün daha əlverişli şəraitin yaradılmasına və məşq prosesinin təkmilləşdirilməsinə sərf ediləcək.

Adıgözəlov fondun artıq yaradıldığını, lakin investisiya mexanizminin bəzi detallarının hələ dəqiqləşdirilmədiyini açıqlayıb.

Gələcəkdə fondun kapitalının artırılması və yeni tərəfdaşların cəlb edilməsi də nəzərdə tutulur.

Əsas məqsəd akademiyanın maliyyələşdirilməsini əsas komandanın illik büdcəsindən və cari nəticələrindən mümkün qədər asılı olmayan sistemə çevirməkdir.

Klub prezidenti əlavə edib ki, Çempionlar Liqasından əldə olunan gəlirlərə baxmayaraq, "Sabah" bahalı transferlərə kütləvi şəkildə vəsait xərcləmək niyyətində deyil.

Komanda yalnız real ehtiyac yarandıqda və yeni futbolçunun heyətin keyfiyyətini artıracağına əmin olduqda transferlərə əl atacaq.

Essyen, Honda və baş tutmayan məşhur transfer

Adıgözəlov Azərbaycan çempionatında çıxış etmiş dünya şöhrətli futbolçular barədə də fikirlərini bölüşüb.

O, vaxtilə "Səbail"də oynamış Maykl Essyenlə şəxsən tanış olduğunu və onunla dostluq münasibətlərini bu gün də davam etdirdiyini bildirib.

Prezident "Neftçi"nin sabiq futbolçusu Keysuke Hondanın da adını çəkərək belə tanınmış oyunçuların ölkə çempionatının nüfuzunun artmasına müsbət təsir göstərdiyini qeyd edib.

Bununla belə, Adıgözəlovun fikrincə, futbolçunun məşhur olması təkbaşına kifayət etmir. Oyunçu yaxşı fiziki formada olmalı, motivasiyasını qorumalı və komandaya real fayda verməlidir.

Klub prezidenti daha bir maraqlı hadisəni də xatırladıb.

Onun sözlərinə görə, bir müddət əvvəl "Sabah" tanınmış futbolçulardan biri ilə müqavilə imzalamağa çox yaxın olub. Əvvəlcə yarım saat davam etməsi planlaşdırılan görüş təxminən üç saat çəkib.

Tərəflər futbol, oyun fəlsəfəsi və digər mövzular ətrafında geniş söhbət etsələr də, sonda transfer baş tutmayıb.

Adıgözəlovun sözlərinə görə, həmin şəxs sonradan uğurlu və nüfuzlu məşqçiyə çevrilib. Lakin klub prezidenti onun adını açıqlamayıb.

Azərbaycan Premyer Liqası haqqında fikirləri

"Sabah"ın prezidenti hesab edir ki, Azərbaycan çempionatı əvvəlki illərlə müqayisədə xeyli inkişaf edib.

Onun fikrincə, Premyer Liqada iştirak edən komandaların sayının 12-yə çatdırılması rəqabəti artırıb. Adıgözəlov "Qarabağ" və "Sabah"la yanaşı, "Neftçi", "Zirə" və "Turan Tovuz"un da çempionat üçün əhəmiyyətini vurğulayıb.

Bununla belə, o, stadionlara azarkeş cəlb edilməsinin hələ də əsas problemlərdən biri olduğunu etiraf edib.

Prezident müsbət nümunə kimi ötən mövsüm keçirilən "Qarabağ" – "Sabah" qarşılaşmasını göstərib. Onun sözlərinə görə, təxminən 22 min azarkeşin izlədiyi həmin oyun son 15 ilin ən yüksək tamaşaçı göstəricilərindən birinə malik olub.

Timoteuş Puxaç Polşada "Sabah"ın tanınmasına kömək edir

Müsahibədə "Sabah"ın polşalı futbolçusu Timoteuş Puxaçın sosial şəbəkələrdəki fəallığına da toxunulub.

Adıgözəlov bildirib ki, futbolçunun və həyat yoldaşının bütün paylaşımlarını izləməsə də, onların bəzi videoları ilə tanışdır.

Klub prezidentinin fikrincə, sosial mediada fəallıq Puxaçın peşəkarlığına mənfi təsir göstərmir.

Əksinə, bu paylaşımlar Polşada daha çox insanın "Sabah" və Azərbaycan haqqında məlumat əldə etməsinə kömək edirsə, bunu müsbət qiymətləndirmək lazımdır.

"Sabah"ın rəqiblər tərəfindən zəif qiymətləndirilməsi problem deyil

Müsahibənin sonunda Adıgözəlov Polşada "Sabah"ın mümkün rəqib kimi zəif qiymətləndirilməsinə münasibət bildirib.

Klub prezidenti rəqiblərin "Sabah"ı yetərincə güclü hesab etməməsinin onu narahat etmədiyini bildirib. Əksinə, belə münasibətin Azərbaycan təmsilçisinin xeyrinə işləyə biləcəyini vurğulayıb.

Onun fikrincə, rəqib komanda "Sabah"ın imkanlarını düzgün qiymətləndirməsə, qarşılaşmaya lazımi səviyyədə hazırlaşmaya bilər.

Adıgözəlov qeyd edib ki, "Sabah"ın əsas hədəfləri avrokuboklarda müntəzəm iştirak etmək, ölkə çempionatında yüksək yerlər uğrunda mübarizə aparmaq və Avropa futbolunu klubun gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevirməkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:18

NBA 2027-ci ildə Avropada öz liqasını yaratmağa hazırlaşır

Digər
Bu gün, 12:03

“Borussiya”nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu - ÖZƏL AÇIQLAMA

Futbol
Bu gün, 12:00

Futbolçu iki qol vurdu: "Qələbələr asan deyil"

Digər
Bu gün, 11:48

Azərbaycanda 200-ə yaxın idmançının tarixindən bəhs edən kitab təqdim olunacaq

Digər
Bu gün, 11:40

Çempionlar Liqsında son 66 ilin rekordu qeydə alınıb

Digər
Bu gün, 11:20

Matteo Politano "Napoli"nin tarixinə düşdü

Digər
Bu gün, 11:11

Azərbaycanlı SSRİ çempionu Firudin Qurbanovun 80 yaşı tamam olur

Futbol
Bu gün, 11:00

Sinan Engin 'Fenerbahçe'ni sərt tənqid etdi, 'Sabah'ı nümunə göstərdi!

Digər
Bu gün, 10:47

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb;

Digər
Bu gün, 10:40

Kvaratsxeliya zədə səbəbindən 9 aya qədər sıradan çıxa bilər

Digər
Bu gün, 10:39

“Kotbus mənim üçün əsl əfsanəyə çevrilir” - Selcan Mahsudovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Digər
Bu gün, 10:24

AFFA-nın sabiq Hakimlər Komitəsinin sədrinə Türkiyədə vəzifə verildi

Futbol
Bu gün, 10:20

Çempionlar Liqası: Arsenal – Bayern qarşılaşması

Futbol
Bu gün, 10:09

PSJ Barselona qarşısında 4:2 qalib gələrək UEFA Çempionlar Liqasında məğlubiyyətsiz rekordunu təzələyib

Futbol
Bu gün, 10:09

Stas Pokatilov: “Sabah” Borussia Dortmundla azı bir dənə də uduzmaya bilərdi

Futbol
Bu gün, 10:00

Puxaç: 1-2 məğlubiyyətdə də bu səviyyədə oynamaq normaldır

Futbol
Bu gün, 09:52

18 yaşlı Rio Nqumoha Liverpoolu Çempionlar Liqasında xilas etdi

Digər
Bu gün, 09:40

Kiyev "Diamo"sunun baş məşqçisi postuna 4 namizəd

Digər
Bu gün, 09:32

LANDAU Lions

Digər
Bu gün, 09:20

Türkiyə millisinin yeni baş məşqçisi məyyənləşdi - dördillik müqavilə

Digər
Bu gün, 09:13

UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq;

Digər
Bu gün, 09:08

Lamin Yamal Avropanın “böyük beşliy”liyində ilkə imza atdı

Futbol
Bu gün, 09:00

Teemu Pukki Finlandiya milli komandasında rekord qolçuluğunu bitirir

Oxşar xəbərlər