Xankəndi şəhərində uşaq və yeniyetmə cüdoçular üçün təlim seminarı təşkil olunub.
İdman.Biz xəbər verir ki, seminar yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçiləri Kotaro Sasaki və Asiman Allahverdiyev, həmçinin Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin eksperti Elçin Mayılovun rəhbərliyi ilə keçirilib.
Təlim zamanı iştirakçılar əyləncəli oyunlar vasitəsilə isinmə və koordinasiya hərəkətləri yerinə yetiriblər. Həmçinin cüdonun əsas hazırlıq elementlərindən olan uçi-komi və naqe-komi üzrə çalışmalar aparılıb.
Seminarın texniki hissəsində ko-uçi-qari, o-uçi-qari və seoi-naqe fəndlərinin düzgün icrası, giriş və tamamlanma mərhələləri izah edilib. Gənc cüdoçular məşqçilərin nəzarəti altında öyrəndikləri texnikaları praktikada tətbiq ediblər.
Tədbirin əsas məqsədi uşaq və yeniyetmə idmançıların texniki bacarıqlarını inkişaf etdirmək, düzgün hərəkət vərdişlərini formalaşdırmaq və onların məşqlərə marağını artırmaq olub.