Bu gün - 28 oktyabr Dünya Cüdo Günü kimi qeyd olunur. Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün idman növünün banisi, yaponiyalı Ciqoro Kanonun doğum gününə təsadüf edir.
İdman.Biz xəbər verir ki, 2011-ci ildən qeyd olunan Dünya Cüdo Gününün əsas məqsədi cüdonun təbliği, qarşılıqlı hörmət, dostluq, intizam və mənəvi dəyərlərin təşviqidir.
2026-cı il üçün günün mövzusu "Mənsubiyyət" (Belonging) seçilib. Bu mövzu cüdonun insanları birləşdirən, hər kəsə özünü idman cəmiyyətinin bir hissəsi kimi hiss etdirən xüsusiyyətlərini ön plana çıxarır.
Sözsüz ki, bu gün dünya idmanında özünəməxsus yer tutan Azərbaycan cüdoçularının da bayramıdır. Ölkəmizin bu idman növündə ilk olimpiya çempionu 1992-ci ildə Barselonada qızıl medal qazanan Nazim Hüseynov olub. Onun uğurunu 2008-ci ildə Pekin Olimpiadasında Elnur Məmmədli təkrarlayıb.
Azərbaycan cüdosunun növbəti tarixi nailiyyəti 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında qeydə alınıb. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Bununla da Azərbaycan cüdo üzrə ilk dəfə bir Olimpiya Oyunlarında iki qızıl medal qazanıb.
Hidayət Heydərovun nailiyyəti xüsusi əhəmiyyət daşıyır. O, 2024-cü ildə həm Avropa, həm dünya, həm də olimpiya çempionu olaraq cüdo tarixində nadir uğurlardan birinə imza atıb.
Azərbaycan cüdoçularının ən yeni böyük uğuru 4-11 oktyabr 2026-cı ildə Bakıda keçirilən dünya çempionatında qeydə alınıb.
Milli komanda fərdi yarışlarda bir qızıl, iki gümüş və dörd bürünc olmaqla yeddi medal qazanıb. Bu, Azərbaycanın bir dünya çempionatında əldə etdiyi ən yüksək medal göstəricisi olub. Yığma ümumi medal sıralamasında üçüncü yeri tutub.
Dünya çempionatının mükafatçıları:
- Qızıl: Əhməd Yusifov (60 kq).
- Gümüş: Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq).
- Bürünc: Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq), Kənan Nəsibov (+100 kq).
Əhməd Yusifov 60 kq çəki dərəcəsində Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Ömər Rəcəbli isə atası Elxan Rəcəblinin 2001-ci ildə qazandığı dünya çempionatının bürünc medalını 25 ildən sonra təkrarlayıb.
Bu gün Azərbaycan Cüdo Federasiyasının qarşıya qoyduğu əsas hədəflərdən biri 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına güclü heyətlə qatılmaq və beynəlxalq yarışlardakı uğurları davam etdirməkdir.