Monteneqronun Budva şəhərində keçirilən 19 yaşadək boksçular arasında dünya çempionatında Azərbaycanın iki təmsilçisi bu gün yarımfinal görüşlərinə çıxacaq.
İdman.Biz xəbər verir ki, Nihat Qasımov (55 kq) və Səfdər Məmmədzadə (+90 kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Qasımov yarımfinalda Hindistan təmsilçisi Aditya Aditya ilə qarşılaşacaq. Onun görüşü A rinqində axşam sessiyasının üçüncü döyüşü olacaq.
Səfdər Məmmədzadə isə Qazaxıstan boksçusu Vladislav Samojonovla üz-üzə gələcək. Azərbaycan təmsilçisinin qarşılaşması həmin rinqdə 10-cu döyüş kimi nəzərdə tutulub.
Oktyabrın 25-də keçiriləcək axşam sessiyası Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə dünya çempionatında ən azı bürünc medalı təmin edib. Qələbə qazanacaqları təqdirdə isə qızıl medal uğrunda həlledici görüşə vəsiqə əldə edəcəklər.