Astanada keçirilən dünya çempionatını gümüş medalla başa vuran Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli final qarşılaşmasındakı məğlubiyyətinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 63 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Karen Aslanyana uduzan idmançı hədəfinin ikinci dünya çempionluğunu qazanmaq olduğunu söyləyib.
"Bu, dünya çempionatlarında ikinci finalım idi. Təbii ki, ikinci dəfə dünya çempionu olmaq istəyirdim. Bu yarışa da həmin məqsədlə gəlmişdim, amma qismət olmadı. Gümüş medalla kifayətləndim", - deyə Məmmədli bildirib.
Finaldakı çıxışından narazı qalan güləşçi məğlubiyyətdə əsas məsuliyyəti öz üzərinə götürüb:
"Mən çox səhv etdim, çox tələsdim. Daha rahat güləşib qalib gələ bilərdim. Amma öz səhvlərimə görə məğlub oldum. Bundan dərs çıxaracağam".
Qeyd edək ki, Nihat Məmmədli 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb. Astanadakı nəticə isə onun dünya çempionatlarında ikinci medalı olub.