Atletika üzrə komandalararası Avropa çempionatı bu dəfə təkcə Azərbaycanın III divizionda çıxışı ilə deyil, Türkiyənin II divizionda iştirakı ilə də yadda qaldı. Qardaş ölkənin heyətində isə azərbaycanlı idmansevərlər üçün doğma bir sima - Ramil Quliyev də yer alırdı. 2017-ci ilin dünya çempionu, son illərdə Türkiyə atletikasının lideri olan Ramil Quliyev hələ 2024-cü ilin dekabrında idmançı karyerasını başa vurduğunu elan etsə də, milli komandanın xahişi ilə yenidən qaçış zolağına qayıdıb.
İdman.biz-ə eksklüziv müsahibəsində Ramil Quliyev idmana qayıtmasının səbəblərindən, Türkiyə millisindəki fəaliyyətindən, Azərbaycana dəstək verməyə hazır olmasından və şəxsi həyatından danışıb.
Yenidən qaçış cığırına dönüş
- Mariborda keçirilən komandalararası Avropa çempionatında sizi gördük. Bu cür turnirlərin fərqli xüsusiyyəti nədədir?
- Bəli, doğrudur. Mariborda çıxış etdim. Bu yarış mənim üçün maraqlı təcrübə oldu, çünki komandalararası yarışlar fərdi yarışlardan köklü şəkildə fərqlənir. Burada təkcə öz çıxışın deyil, komandanı necə dəstəklədiyin də önəmlidir - hər xal əhəmiyyətlidir. Hətta sprint kimi "fərdi" növlərdə də sən komanda üçün çalışdığını hiss edirsən.
- Atletikada komanda yarışlarında estafet çubuğunun ötürülməsi belə yarışın taleyini həll edə bilər…
- Elə görünə bilər ki, estafet çubuğunun ötürülməsi sadədir, amma əslində texniki və psixoloji baxımdan çox çətin elementdir. Xüsusilə də gərginlik altında. Saniyənin onda birində edilən səhv medalın itirilməsi ilə nəticələnə bilər. Biz bu ötürmələri onlarla dəfə məşq edirik, xüsusilə "kor ötürmə" ilə. Amma insan faktoru həmişə var. Əsas məsələ idmançılar arasında olan inamdır – sən tərəfdaşının işi düzgün görəcəyinə "kor-koranə" inanmalısan.
- Bildiyimiz qədərilə siz 2024-cü ilin sonunda idmançı karyeranızı başa vurduğunuzu demişdiniz. Bəs nə sizi yenidən yarışlara qayıtmağa sövq etdi?
- Bəli, çıxışlarımı rəsmi olaraq dayandırmışdım. Amma Türkiyə millisindən komandaya kömək etməklə bağlı təklif gələndə, bunu qəbul etdim. Bu, tam fərqli məsuliyyət və hazırlıqdır. Özüm üçün deyil, komanda üçün qayıtdım – təcrübəmi paylaşmaq və dəstək olmaq üçün.
- Mariborda Azərbaycan atletləri də iştirak edirdi. Onlarla görüşə bildinizmi? Federasiyanın yeni rəhbərliyi ilə əlaqəniz varmı?
- Mən həmişə Azərbaycan atletikasına dəstək verməyə çalışmışam. Mariborda onların çıxışlarını izlədim və irəliləyişə sevinirəm. Bir çox məşqçi ilə əlaqələrimiz qalır, məsləhət üçün müraciət edəndə yardımçı oluram. Federasiya rəhbərliyi ilə də təmas olmuşdu – hərçənd mütəmadi deyil, amma mən əməkdaşlığa həmişə açığam və təcrübəmi paylaşmağa hazıram.
Maraqlı təklifləri nəzərdən keçirə bilərəm
- Yaxın gələcək üçün planlarınız nələrdir?
- İdmandan ayrılmaq fikrim yoxdur. Həyatımın yarısını bu sahədə keçirmişəm və böyük təcrübəm var. İndi əsas məqsədim bu bilikləri gənclərə ötürməkdir. Onların yalnız nəticə baxımından deyil, şəxsiyyət kimi də formalaşmasına dəstək olmaq istəyirəm – doğru dəyərlərlə, zəhmətə hörmətlə və komanda ruhu ilə.
- Yəqin ki, komandalararası yarışlar indi sizin əsas fəaliyyət sahəniz deyil...
- Hazırda Türkiyə Atletika Federasiyasında gənclər yığmasının məşqçisi vəzifəsində çalışıram. Bir neçə gün sonra estafet komandamızı U-23 Avropa çempionatına yola salacayıq. Bu yarış onlar üçün çox vacibdir və mənim üçün də onların yanında olmaq önəmlidir – həm motivasiya, həm də dəstək baxımından.
Paralel olaraq, idman tədbirlərinin təşkili ilə məşğul olan şirkətimi də inkişaf etdirirəm – əsasən, bütün Olimpiya idman növlərinin tələblərinə cavab verən bazalarda təlim-məşq toplanışları təşkil edirik. Bu sadəcə biznes deyil, mənim idman missiyamın davamıdır.
İllərlə toplanışlarda olmuşam və bu prosesin bütün incəliklərini anlayıram – idmançının, məşqçinin, komandanın nəyə ehtiyacı olduğunu bilirəm. Buna görə də Avropanın bir çox ölkələrindən bizə gəlirlər. Türkiyədə mükəmməl şərait və dünya səviyyəli bazalar var. Bu da mənə həm peşəkar, həm də insani baxımdan çox şey qatır.
Bundan başqa, özümü tədricən məşqçi və mentor kimi inkişaf etdirirəm – bu sahədə daha da irəliləmək istəyirəm. Gələcəkdə maraqlı təkliflər olsa, milli federasiyalarla da əməkdaşlıq mümkündür.
İdman mənim üçün sadəcə bir mərhələ deyil – bu, həyat yolumdur. Planlarım uzunmüddətlidir və lokal və beynəlxalq səviyyədə idmanın inkişafı və dəstəyi ilə bağlıdır.
- Hələ də "Fənərbaxça" klubunun sistemindəsiniz?
- Bəli, "Fənərbaxça"nın sistemindəyəm və orada təkcə idmançı kimi yox, həm də təşkilati proseslərdə iştirak edən bir şəxs kimi fəaliyyətimi davam etdirirəm.
- Məlumdur ki, indi "Fənərbaxça"nın futbol komandasını Joze Mourinyo çalışdırır. Onunla görüşmək imkanınız olubmu?
- Mourinyo çox xarizmatik insandır. Hələlik şəxsi ünsiyyətimiz olmayıb, amma onun bazadakı fəaliyyətini müşahidə etmişəm. Onun gəlişi ilə atmosfer xeyli dəyişib. O, təkcə futbolçuları deyil, bütün klubu enerji ilə doldura bilir. Ümid edirəm, gələcəkdə tanış olub söhbət etməyə imkan olacaq.
Ailə, pizza və siyasətə münasibət
- Bir neçə il öncə Türkiyədə pizza restoranı açmışdınız. Bu layihənin taleyi necə oldu?
- Bəli, doğru xatırlayırsınız. Pizza restoranı biznesə ilk addımım idi. Maraqlı təcrübə idi, xüsusilə mənim üçün yeni olan bir sahədə.
Amma klassik problemlərlə qarşılaşdım – iqtisadi böhran, qiymət artımı, idarəetmədə çətinliklər...
Son nəticədə qərara gəldim ki, layihəni bütövlükdə satım. İnvestor aldı və restoran fəaliyyətini davam etdirir – amma artıq mən orada deyiləm. Hər halda, bu təcrübə mənə çox şey öyrətdi və heç vaxt peşman deyiləm.
- 2024-cü ilin dekabrında oğlunuz dünyaya gəldi. Sizi təbrik edirik! Qızınız da böyüyür. Onlar idmana maraq göstərirlərmi?
- Təşəkkür edirəm, gecikmiş olsa da, xoşdur. Bəli, oğlum dekabrda doğulub, qızım isə artıq 5 yaşındadır. Hələ ki, konkret danışmaq tezdir, amma qızım çox enerjilidir, qaçmağı sevir. Oğlum isə sadəcə maraqla baxır.
Məcbur etməyəcəyəm ki, mütləq idmançı olsunlar. Amma maraqları olsa, sevinə-sevinə dəstək verəcəyəm. Əsas odur ki, sağlam, aktiv və xoşbəxt olsunlar.
- Sonda bir az da siyasətdən danışaq. Azərbaycanla Rusiya arasında münasibətlərin son dövrlərdə gərginləşdiyi vaxtda, ailənizdə bu vəziyyət necə qarşılandı? Axı həyat yoldaşınız keçmiş rusiyalı atlet Yekaterina Quliyevadır (Zavyalova).
- Biz siyasətdən uzaq insanlarıq. Siyasət – əslində dövlətlərin oyunudur: bu gün mübahisə etmələri lazım gəlir – dərhal bir bəhanə tapılır, sabah barışmaq istəyərlər – və hər şey unudulur. Ailə daxilində baş verənləri sadəcə müzakirə edə bilərik, amma bu proseslərə təsir etmək imkanımız yoxdur.
Biz idmançı ailəsiyik. Hər zaman sülhün, dostluğun və qarşılıqlı hörmətin tərəfdarı olmuşuq. Siyasətdən, milliyyətindən, dinindən və dərisinin rəngindən asılı olmayaraq, insani münasibətləri qorumağın nə qədər vacib olduğunu çox gözəl anlayırıq. Məhz bu dəyərləri övladlarımıza aşılamaq istəyirik. Bizim üçün vacib olan odur ki, onlar anlayaraq böyüsünlər: dünya hörmət üzərində dayanır - şüarlarda yox, real əməllərdə və insanlara olan münasibətdə.
Teymur Tuşiyev
İdman.biz