Seneqal millisinin sabiq futbolçusu Xalilu Fadiqa Bakıda keçirilmiş U-15 Dünya Kuboku və Festivalı barədə təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, FIFA-nın noyabrın 12-də yayımladığı materialda sabiq yarımmüdafiəçi oktyabrda təşkil olunmuş yarışın səviyyəsini və infrastrukturu yüksək qiymətləndirib:
"Futbolun səviyyəsi və FIFA-nın yaratdığı infrastruktur möhtəşəmdir. Açığı, bir az paxıllıq edirəm. Kaş indi 14 yaşım olaydı və burada oynayaydım".
FIFA-nın irqçiliklə mübarizə üzrə məsləhətçi qrupunun üzvü olan Fadiqa turnirdə maarifləndirmə tədbirlərində iştirak edib. O, bu mövzuda uşaqlarla erkən yaşlardan işləməyin vacibliyinə diqqət çəkib.
Sabiq futbolçunun fikrincə, yeniyetmələrin bu yaşda qazandıqları vərdişlər onların gələcək dünyagörüşünü formalaşdırır. Müxtəlif ölkələrdən gələn uşaqların birgə oynaması və ünsiyyət qurması qarşılıqlı hörmətin möhkəmlənməsinə kömək edir.
Fadiqa Fici və Pakistan yığmalarının çıxışını bəyəndiyini də bildirib. O, belə yarışların gənclərə fərqli futbol məktəblərini tanımaq və təcrübə mübadiləsi aparmaq imkanı verdiyini vurğulayıb.
Qeyd edək ki, Fadiqa karyerası ərzində Belçikanın "Brügge", Fransanın "Oser", İngiltərənin "Bolton", "Derbi Kaunti" və "Koventri" kimi klublarında çıxış edib. O, İtaliyanın "İnter" klubunun da üzvü olub, lakin Milan təmsilçisinin heyətində rəsmi matça çıxmayıb.