«Gəncə» basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümünün VI turunda Türkiyənin «Esenler Erokspor» komandası ilə matçda azarkeşlərə yaxşı oyun göstərmək istəyib.
«Report» xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin baş məşqçisi Murad Dikmən klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Mütəxəssis «Esenler Erokspor» kollektivinə məğlubiyyəti şərh edib:
«Öncə rəqibi təbrik edirəm. Onlar turnirin qalibi adına namizədlərdəndilər. Bu gün «Esenler Erokspor»a qarşı oynamaq bizim üçün əhəmiyyətli oldu. Təəssüflər olsun ki, gəldiyimdən bu yana 7 rotasiya ilə oynayırıq. 5 legioner və 2 yerli basketbolçu ilə çıxış edirik. Hətta, mən yeni gələndə bu say zədəyə görə 4 idi. Bu da bizim işimizi çətinləşdirir. Çünki Avropa yarışında çıxış edirik, səyahətlər çoxdu. Yorğunluq yaranır».
O, oyunun əvvəlində istədikləri kimi mübarizə apardıqlarını söyləyib:
«Müdafiədə və hücumda yaxşı idik. Azarkeşlərə daha yaxşı oyun göstərmək istəyirdik. Yenə səfər oyunlarımız var. Liqada və Avropada oynayacağıq. Sonra iki həftəlik fasilə olacaq. Zədəlilərin də sıraya dönməsi ilə çıxış yaxalaya bilərik».
Qeyd edək ki, «Gəncə» - «Esenler Erokspor» qarşılaşması Türkiyə komandasının 97:66 hesablı qələbəsi ilə bitib.