"Çimərlik futbolu üzrə Azərbaycan Superliqası təşkilatçılıq baxımından gözləniləndən uğurlu alınıb".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Çimərlik Futbolu Federasiyasının meneceri Rüfət Həsənov deyib.
O, yarışa kifayət qədər tamaşaçı marağı olduğunu bildirib: "Təşkilatçılıq gözlədiyimizdən də uğurlu alındı. Tamaşaçıların da marağı yüksək idi. Oyunların internet üzərindən canlı yayımını təşkil etdik. Matçları canlı yayımda böyük kütlə izləyirdi".
Qurum rəsmisi turnirdə çıxış edən bəzi futbolçuların milliyə dəvət alacağını söyləyib: "Ölkə çempionatında heyəti I Liqa, minifutbol və AFFA Region Liqasında iştirak edən futbolçulardan qurulmuş 6 komanda mübarizə apardı. Demək olar bütün komandaların heyətində çimərlik futbolu millisində oynamış və yaxud təlim-məşq toplanışlarına cəlb olunmuş oyunçular var idi. Əsas mübarizə VTB və "Marafon" komandaları arasında getdi. Çempion sonuncu turda məlum oldu. VTB 7:4 hesabı ilə rəqibinə qalib gəldi. "Çinar Zəngilan" isə üçüncü yeri tutdu. Bəzi yeni futbolçular da meydanda göründülər. Onlar bundan sonra millinin təlim-məşq toplanışlarına cəlb ediləcəklər".
O, ölkə çempionunun və ikinci yerin sahibinin avrokuboklarda mübarizə aparacğını xatırladıb: "Ölkə çempionu Azərbaycanı Avropa ölkələrinin çimərlik futbolu üzrə çempionatlarının qaliblərinin mübarizə aparacağı "Euro Winners Cup"da təmsil edəcək. "Marafon" isə bu yarışın pley-off mərhələsi sayılan "Challenge Cup"a vəsiqə qazanıb".
Qeyd edək ki, Superliqanın son turunda "Marafon" üzərində 7:4 hesablı qələbə qazanan "VTB Bank" ölkə çempionu olub. "Marafon" yarışı ikinci pillədə başa vurub. "Dirçəliş"i 5:4 hesabı ilə məğlub edən "Çinar Zəngilan" isə bürünc mükafat əldə edib.
İdman.biz