"Qəbələ"nin futbolçusu Elvin Camalovun Sport24.az-a müsahibəsi
- Azərbaycan Premyer Liqasının son turunda "Zirə"yə uduzdunuz. 1:2 hesablı məğlubiyyəti necə şərh edərdin?
- Yaxşı oynadıq. Düşünürəm ki, bir xal qazanmağa yaxın idik. Birinci hissədə də, ikinci hissənin əvvəlində də yaxşı çıxış etdik. Qol epizodlarımız oldu. Təəssüf ki, onlardan yararlana bilmədik. Sona yaxın yorğunçuluq oldu, bir az müdafiəyə çəkildik. Yekunda da lazımsız qol buraxdıq. Düşünürəm ki, sona yaxın qapımızda qol görməyimiz daha üzücü idi. Lakin ümumi götürsək, əvvəlki oyunlara baxanda yaxşı çıxış etdik. Yəni səfərdə bir xal itirdik.
- Qapınızda erkən qol görsəniz də, çox keçmədən hesabı bərabərləşdirdiniz. Bəs ikinci qolu vurmaq üçün nə çatmadı?
- Bəli, hesabı tez bərabərləşdirdik. Hətta önə də keçə bilərdik. Bir qədər çatışmazlıqlarımız var. İkinci hissədə real qol epizodumuz oldu. Şanslardan yararlanmalısan. İstifadə edə bilməsən, uduzacaqsan. Belə qol buraxdığımız üçün məyusam. Üzücü məğlubiyyət oldu. Azarkeşlərə də təşəkkür edirəm. Bizi səfərdə sona kimi dəstəklədilər. İnanıram ki, zamanla daha yaxşı olacağıq.
- "Qəbələ"nin oyununda irəliləyiş hiss olunur. Demək olar ki, bu gün nəticə qazanmaq üçün komandanın zamana ehtiyacı var?
- "Sumqayıt", "Sabah"la oyunlarla müqayisədə inkişaf göz önündədir. İndi həqiqətən də futbol oynayırıq. Qol epizodları yaradırıq. Amma yararlana bilmirik. Məşqçinin sistemini aşılaması üçün bir qədər də zamana ehtiyac var.
- Görünən odur ki, bu gün "Qəbələ"nin əsas məqsədi liqada qalmaqdır...
- Görsənən odur. Hazırda daha çox aşağı pillələrdən uzaqlaşmağa çalışırıq. Səmimi desək, bəli, məqsədimiz liqada qalmaqdır. Qışa qədər çox xal toplaya bilsək, mövsümün ikinci hissəsində əvvəlki "Qəbələ"yə bənzər "Qəbələ" görəcəyimizə inanıram. Hər şey var. Oyun göstəririk, mübarizə aparırıq. Qol vura bilməmək və müdafiədəki boşluqlar bir qədər nəticə qazanmağımıza mane olur.
- Bilirik ki, oynamadığın üçün "Neftçi"dən ayrıldın. Hazırda sabiq komandan çempionatın lideridir. Turnir cədvəlinə baxanda "Neftçi"dən ayrılmağına təəssüflənmirsən? Yaxud "ağ-qaralar" mövsümün sonunda çempion olsa, hansı hisslər keçirəcəksən?
- "Neftçi" tarixi klubumuzudur. Mən də çox istərdim komandada qalım, bəlkə də mövsümün sonunda çempion olum. Rəhbərlik də söhbətimiz zamanı eyni şeyi dedi. Sadəcə qıraqda qalmaq pis təsir edir. Karyerama baxanda da görünür ki, hər zaman oynamadığım klubdan ayrılmışam. Bir var ehtiyatda qalsan da, sonrada meydana çıxıb komandana faydalı olursan. Bir də var təmiz qıraqda qalırsan. Halbuki mən stabil oynamaq, milliyə dəvət almaq istəyirəm. "Qəbələ"də də məqsədim əsas heyətin daimi üzvünə çevrilmək və milliyə çağırılmaqdır.
- Belə başa düşdüm ki, millidən hələ əlini üzməmisən...
- Yox, üzməmişəm. Hesab edirəm ki, stabil oynayandan sonra dəvət alacam. Hazırda elə oyunçular var ki, neçə vaxtdır milliyə çağırılmırdılar, lakin 1-2 oyunda meydana çıxdıqdan sonra dəvət alırlar. Millidə oynamaq hamımız üçün qürurdur. Canımda o enerjini hiss edirəm. Bunun üçün sona kimi əlimdən gələni edəcəyəm.
- Emin Mahmudovun millidəki karyerasını başa vurmasına münasibətin necədir? Bu qərar sənin üçün gözlənilməz olmadı?
- Emin qardaşımızdır. Azərbaycan futbolu üçün böyük işlər görüb. İstər milli, istərsə də "Neftçi" üçün. Bunu hər zaman demişəm. Özünə də yazdım. Bildirdim ki, hər şey ürəyincə olsun. Məncə, hələ gücü var idi, milliyə fayda verə bilərdi. Amma istənilən halda qərarına hörmətlə yanaşmalıyıq. Ona uğurlar arzulayıram.