Harri Keynlə müqavilənin müddətini uzadan Almaniyanın "Bavariya" klubu komandanın digər ulduzu Maykl Olise ilə də yeni anlaşma imzalamaq üçün danışıqlara başlayıb.
İdman.Biz "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi 24 yaşlı fransalı futbolçunu uzun müddət komandada saxlamaq istəsə də, danışıqların gedişində bir sıra çətinliklərlə üzləşə bilər.
Olisenin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Futbolçu "Bavariya" ilə münasibətlərini gərginləşdirmək və klubdan ayrılmaq tələbi irəli sürmək niyyətində deyil. Bununla belə, "Real Madrid"in marağına biganə qalmayan cinah hücumçusu gələcəkdə başqa kluba keçmək imkanını qorumaq istəyir. Bu səbəbdən yeni müqaviləyə sərbəstqalma maddəsinin daxil edilməsini tələb edə bilər.
Danışıqlara təsir göstərən digər amil isə Camal Musiala ətrafında yaranmış qalmaqaldır. "Bavariya" rəhbərliyinin ağır zədədən sonra bərpa dövrü keçən futbolçunun müqaviləsinin maliyyə şərtlərini açıq şəkildə müzakirə etməsi Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPRO) etirazına səbəb olub.
Olise də FIFPRO-nun Musialanı müdafiə edən bəyanatının "Instagram"da paylaşıldığı postu bəyənərək komanda yoldaşına dəstəyini nümayiş etdirib.
Fransa nəşrinin fikrincə, 2030-cu ilə qədər müqaviləsi olan Musialanın üzləşdiyi vəziyyət Oliseni də öz gələcəyi ilə bağlı daha ehtiyatlı davranmağa vadar edir.
Bu arada, "Real Madrid" futbolçunun ətrafındakı prosesləri diqqətlə izləyir. Madrid təmsilçisi "Bavariya" ilə münasibətləri korlamamaq üçün Almaniya klubunun Olisenin satışına razılıq verməsini gözləyir.
Qeyd edək ki, 2024-cü ildə İngiltərənin "Kristal Palas" klubundan "Bavariya"ya transfer olunan Olisenin hazırkı bazar dəyəri "Transfermarkt" portalı tərəfindən 180 milyon avro (360 milyon manat) qiymətləndirilir.