Böyük futbolda özünə klub tapa bilməyən futbolçuların əksəriyyəti mini futbola və futzala üz tutmaqdadır.
Futzal üzrə Azərbaycan çempionatının başlaması ilə turnirdə bəzi tanış simalara rast gəlirik.
Onlardan biri də Nazim Bağırovdur.
2020/21 mövsümündə "Neftçi"nin əvəzedici heyətində Birinci Divizionun qalibi adını qazanmış, Azərbaycanın U-19 millisinin formasını geyinmiş, son illəri futbol üzrə I və II Liqalarda keçirmiş 27 yaşlı futbolçu karyerasını futzalda davam etdirmək qərarına gəlib.
Bağırov yeni yaradılmış futzal üzrə yüksək dəstə təmsilçisi "Atidel"lə mövsümün sonuna qədər anlaşıb.
Ordubadı təmsil edən kollektiv 1-ci turda "Baku Fire" komandası ilə qarşılaşaraq 3:7 hesabı ilə uduzub.
Maraq üçün bildirək ki, illər öncə oyunu ilə xoş gələcək vəd edən Nazim Bağırov vaxtilə Gürcüstanda "Şevardeni 1906", Yunanıstanda "Olimpiakos Volos", Polşada "Podlasie" klublarında legioner həyatı yaşayıb.
Son illərdə "Zaqatala", "Difai", "Baku Sportinq", "Sheki City" kimi komandalarda top qovub.
HƏBİB / SPORTİNFO.AZ