"Region Liqası ilə bağlı müzakirələr zamanı bütün bölgə klublarının problemləri diqqətə çatdırıldı".
Bu sözləri Qərb Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti Nadir Nəbiyev deyib.
O, regionda infrastrukturla bağlı mövcud vəziyyətə toxunaraq Qazaxın "Göyəzən" klubunu nümunə göstərib.
"Göyəzən" tarixi klubdur, oyunlarını Tovuzda keçirəcək. Həmçinin "Qovlar" eyni arenada çıxış edəcək. Bunun səbəbi infrastrukturla bağlı çətinliklərdir. "Göyəzən"in öz stadionu var, amma hazırda orada oynaya bilmir. Bunun səbəblərini araşdırmaq lazımdır. Açıq deyim ki, AFFA bu məsələ ilə çox ciddi maraqlandı və "Göyəzən"in öz meydançasında oynaması üçün çox çalışdı, amma hələlik buna nail ola bilmədi. Məqsəd bu klubun doğma şəhərində oynamasına nail olmaqdır", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Funksioner Region Liqasında ayrı-ayrı bölgə təmsilçilərinin sayının fərqli olmasının səbəblərini də açıqlayıb:
"Bu, onunla əlaqədardır ki, bəzi bölgələrin digər liqalarda çıxış edən komandaları da var. Son iclasda eyni rayondan iki və ya üç komandanın birləşdirilərək vahid komanda yaradılmasının mümkünlüyü məsələsi də müzakirə olundu. Nəzəri baxımdan belə bir addım atmaq mümkündür. Lakin komandaları formalaşdıran insanlar fərqlidir və futbol oynamaq istəyənlərin sayı da nəzərə alınmalıdır".
Federasiya rəsmisi vurğulayıb ki, Region Liqası həvəskar xarakter daşısa da, indidən peşəkar yanaşma formalaşdırılmalıdır:
"Region Liqası olsa da, peşəkar addımlar atılmalıdır. Futbolçuları, azarkeşləri indidən düzgün istiqamətləndirmək lazımdır. Gələcəkdə hamımız maariflənməliyik".
N.Nəbiyevin sözlərinə görə, Region Liqasında məşqçilərin kateqoriyalarının olması ilə bağlı mərhələli yanaşma nəzərdə tutulur:
"Gələcəkdə Region Liqasında məşqçilərin müvafiq kateqoriyalara sahib olması tələb ediləcək. Kateqoriyası olmayan məşqçilər burada işləyə bilməyəcəklər. Onlara tövsiyə olunacaq ki, özləri təhsil alsınlar, müvafiq kateqoriyaya yiyələnsinlər və bundan sonra fəaliyyətlərini davam etdirsinlər. İndiyədək belə bir tələb olmayıb".
O, Region Liqasında iştirak etmək istəyən komandalar üçün müəyyən edilmiş minimum infrastruktur tələblərindən də söz açıb:
"Müraciət edən klubların stadionları yoxlanılır. Arenalar oyunların keçirilməsi üçün yararlı vəziyyətdə olmalıdır. Liqada iştirak üçün 100-dən çox komanda müraciət etsə də, infrastruktur məsələsinə görə onların 73-ü qəbul olundu. Əvvəllər I Liqada tələb olunan qaydalar indi Region Liqasında tələb olunur. Bu, vacib addımdır".
Federasiya rəsmisi bildirib ki, bu mövsüm Region Liqasında tətbiq olunacaq mühüm yeniliklərdən biri də oyunların videoçəkilişinin aparılmasıdır:
"İlk dəfədir ki, hər oyunun videoçəkilişinin aparılması və görüntülərin bazaya yerləşdirilməsi tələb olunur. Bu isə birbaşa ev sahibi komandanın öhdəliyidir".
N.Nəbiyev qeyd edib ki, Region Liqasında iştirak edəcək komandaların heyətləri əvvəlcədən müəyyənləşdirilib və onların turnirdə iştirakına icazə verilib.