Dünyaca məşhur argentinalı idman jurnalisti Leo Paradiso "Inter Mayami" ilə müqavilə müddəti başa çatan Lionel Messinin gələcəyi haqqında danışıb.
"Report" ESPN-ə istinadən xəbər verir ki, Paradiso ulduz futbolçunun hazırkı klubu ilə yeni müqavilə imzalamağa daha yaxın olduğunu dilə gətirib.
"Leo başa düşür ki, əgər dünya çempionatına yaxşı formada gəlmək istəyirsə, karyerasının bu mərhələsində fiziki durumuna və oyun praktikasına diqqət ayırmalıdır. O, bunu "Inter Mayami"də edə bilər. Leo dünya çempionatında oynamaq istəyir və turnirdən əvvəlki aylarda zədələnməməyə və ya həddən artıq yüklənməməyə çalışacaq. Son vaxtlar onu əzələ zədələri ehtimalı daha çox narahat edir. Düşünürəm ki, o, başqa bir kluba keçməkdənsə, "İnter Mayami" ilə müqaviləsini uzatmağa daha yaxındır", - jurnalist Argentina radiosu Splendid AM 990 efirində bildirib.
Qeyd edək ki, bundan əvvəl mətbuat Messinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan olduqca sərfəli təklif aldığını yazıb.