İtaliyanın "İnter" və "Milan" futbol komandaları əfsanəvi "San-Siro" stadionunu əvəz edəcək yeni arenanın layihəsini təqdim ediblər.
İdman.Biz xəbər verir ki, yeni stadion "Generali Stadium" adlanacaq. Arenanın adlandırma hüququ İtaliyanın "Generali" sığorta şirkətinə satılıb.
ESPN-in məlumatına görə, 20 illik müqavilənin dəyəri 650 milyon avro təşkil edir. Bu, dünya idmanında stadionların adlandırma hüququ üzrə ən böyük müqavilələrdən biridir.
71 500 tamaşaçı tutumuna malik olacaq arenanın layihəsi "Foster + Partners" və "MANICA" şirkətləri tərəfindən hazırlanıb. Stadion müasir dam örtüyü, xüsusi akustikası və azarkeşləri meydana yaxınlaşdıran tribunaları ilə fərqlənəcək. Stadionun işıqlandırması komandaların rənglərinə uyğun dəyişəcək.
Yeni stadionun tikintisinə 2028-ci ildə başlanılması, ilk oyunun isə 2031/2032 mövsümündə keçirilməsi planlaşdırılır. Bununla belə, layihənin həyata keçirilməsi müvafiq icazələrdən asılıdır.
Yeni arenanın istifadəyə verilməsi ilə "İnter" və "Milan" uzun illər ev oyunlarını keçirdikləri əfsanəvi "San-Siro" ilə vidalaşacaqlar. Mövcud stadionun sökülməsi planı isə azarkeşlərin bir hissəsinin etirazına səbəb olub.

