"Belə isti havada sonadək mübarizə aparan komanda yoldaşlarıma təşəkkür düşür. Meydana üç xal üçün çıxmışdıq. Sonadək vuruşduq. Bu oyunda qalib gəlmək bizim üçün çox vacib idi".
Bu sözləri Misli Premyer Liqasının səkkizinci turunda "Turan Tovuz" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra "İmişli"nin futbolçusu İdris İnqilablı deyib.
Qarşılaşmada 90 dəqiqə parlaq performans göstərən "pələnglər"in üzvü vacib üç xalın əhəmiyyətini və komandanın növbəti hədəflərini diqqətə çatdırıb:
"Turnir cədvəlində bizdən aşağı pillələrdə olan "Şəfa" və "Araz-Naxçıvan"la xal fərqini artırmalı olduğumuzu bilirdik. Şadam ki, istəyimizə çatdıq. Bizi sonadək dəstəkləyən azarkeşlərimizə minnətdarıq. Onların dəstəyi bizim üçün böyük motivasiyadır.
Əlbəttə, çempionat hələ yeni başlayıb. İrəlidə uzun marafon var. Əlimizdən gələnin ən yaxşısını edib daha yuxarı pillələrə yüksəlməyə çalışacağıq. Yaxşı komandamız var. Qarşıdan daha bir çətin oyun gəlir. "Şamaxı" ilə görüşdə də üç xal qazanmağa köklənmişik".