II Liqada ikinci mövsümünü keçirən "Şirvan" arzulamadığı situasiya ilə üzləşib.
Yayda "Şirvan OİK" ilə birləşən və 6-7 maddi dəstəkçi ilə yeni sezona başlayan klub hazırda çətin dönəmdən keçir.
Buna səbəb sponsorlardan ikisinin geri çəkilməsidir. Onlar komandanın istənilən səviyyədə çıxış etməməsini bəhanə gətirərək, maliyyə yardımını dayandırıblar.
Odur ki, futbolçular qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsində problem yaranıb. Qış fasiləsində aparıcı oyunçuların bir qisminin düşərgədən ayrılması gündəmə gəlib.
Şirvanlılar çempionatın geridə qalan 12 turu ərzində 25 xal toplayıb və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Bu müddətdə 8 qələbə qazanan, 1 heç-heçə edən və 3 dəfə məğlubiyyətlə üzləşən kollektiv lider "Qaradağ Lökbatan"dan 8, ikinci sıradakı "Marafon"dan 4 xal geri qalır.
SPORTİNFO.AZ