Xaçmazın "Şimal" futbol komandası Azərbaycan 2-ci Liqasında uğurla çıxış edərək, sona 3 tur qalmış bürünc medalları təmin edib. Bununla da klub növbəti mövsümdə 1-ci Liqada iştirak hüququ qazanıb.
Yeni liqanın hazırlıqlarına başlayan "Şimal" məşqçilər korpusunu da gücləndirib. Baş məşqçi postuna bir vaxtlar "Bakılı", "Karvan", "Xəzər-Lənkəran", "Qarabağ" klublarında oynayan, həmçinin Azərbaycan milli komandasının heyətində çıxış etmiş Zaur Ramazanov təyin edilib. Digər diqqətçəkən təyinat isə əsas komandanın qapıçılarla işləyən məşqçisi ilə bağlıdır. Belə ki, Azərbaycanda ilk dəfə kişilərdən ibarət futbol komandasına qadın məşqçi təyinatı reallaşıb. "Şimal" komandasında bu vəzifə 28 yaşlı gənc mütəxəssis Zülfiyyə Bayramovaya həvalə olunub.
QOL.az xəbər verir ki, Zülfiyyə Bayramova "Şimal" komandasına məşqçi kimi təyinatı ilə bağlı "AZƏRTAC" agentliyinə müsahibəsində bildirib ki, 2018-ci ildən "C" kateqoriya məşqçilik sertifikatına sahibdir. O, AFFA tərəfindən keçirilən məşqçilik təlimlərinə qatılaraq, bu kateqoriyanı əldə edib.
"On üç ildən çoxdur müxtəlif komandaların heyətində futbol oynayıram. Qapıçı mövqeyində çıxış edirəm. Bununla yanaşı məşqçilik kurslarını da bitirmişəm. Bundan əvvəl uşaq komandalarında məşqçilik təcrübəm var. Doğma rayonumuzu təmsil edən "Şimal" futbol klubundan əsas komandanın qapıçılarla işləyən məşqçisi olmaq təklifi gəldi. Bu komanda mənə yad deyil. Klubun məşqçilər heyətində mənim futbolçu kimi yetişməyimdə zəhməti olan Fazil Salahov da var. Kluba keçməyimdə onun böyük rolu oldu. Klubla 2025-2026-cı il mövsümünün sonuna kimi müqavilə imzalamışıq. Hazırda "Şimal" 2-ci Liqada son oyunlarını keçirir. Növbəti mövsümdən 1-ci Liqada çıxış edəcəyik. 1-ci Liqaya hazırlıq çərçivəsində komandada aktiv fəaliyyətə başlayacağam. Doğma rayonumuzun komandasına əlimdən gələn köməyi etməyə hazıram", - deyə Zülfiyyə Bayramova söyləyib.
Zülfiyyə 1997-ci il aprelin 4-də Xaçmazın Arzu kəndində doğulub. Uşaq yaşlarından məhəllədə oğlanlarla futbol oynayıb. 2012-ci ildən Xaçmazda həvəskar səviyyədə klubda çıxış etməyə başlayıb. İstedadlı qolkiper karyerası ərzində "ŞKGB" (Xaçmaz), "Qusar", "Binə" (Bakı), "Sumqayıt", "Qəbələ", "İnter" (Xaçmaz) komandalarının heyətində yer alıb. "Qəbələ" ilə Azərbaycan çempionu və gümüş mükafatçı olub. Ötən ildən "Baku Juniors" qadın futbol komandasının üzvüdür.
Həmsöhbətimiz qadınlardan ibarət Azərbaycan milli komandasının şərəfini də qoruyub. Millidə daha çox ehtiyat qolkiper funksiyasını yerinə yetirən xaçmazlı gənc bir sıra beynəlxalq yarışların da iştirakçısı olub.
"Kişilərdən ibarət komandada işləmək məni qorxutmur. "Aslanın erkəyi, dişisi olmaz" deyiblər. Mən futbolçu karyeramda daim kişi kollektivlərində çalışmışam. Ümidvaram ki, bu təyinat karyeramda yüksəlişə səbəb olacaq",- deyə Zülfiyyə Bayramova söyləyib.
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.