ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin üzvü, demokrat Ceymi Raskin FİFA prezidenti Canni İnfantino ilə ABŞ prezidenti Donald Trampın administrasiyası arasındakı əlaqələrlə bağlı aparılan araşdırma çərçivəsində şahidlərlə əlaqə saxlamağa başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Hazırda proses şahidlərin dindirilməsi üçün ilkin hazırlıq mərhələsindədir. Raskin artıq İnfantino ilə əlaqəli olan bir neçə hazırkı və keçmiş FİFA əməkdaşı ilə əlaqə saxlayaraq, onlara müdafiə təklif edib. Dindirilmələrin yaxın həftələrdə başlaması gözlənilir.
Şahid ifadələrini təmin etmək üçün məhkəmə çağırış vərəqələrinin (subpoena) yanvar ayından əvvəl göndərilməsi gözlənilmir. Həmin vaxt Raskin Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə rəhbərlik etməyə başlayacaq. Bu, Demokratların noyabrdakı aralıq seçkilərdə Konqresin aşağı palatasına nəzarəti ələ keçirməsindən sonra baş verir.
İlkin plan əməkdaşlığa hazır olan şahidləri dindirməkdir. Onlar ifadələrini həm şəxsən, həm də onlayn verə biləcəklər. Potensial şahidlərin əhatəli siyahısı artıq tərtib edilib.
Araşdırmanın son mərhələsində Infantinonun özünə də çağırış vərəqəsi göndərilməsi planlaşdırılır. Bu proses uzun çəkə bilər, çünki FİFA prezidentinin belə bir çağırışa etiraz edəcəyi gözlənilir.
Çağırıla biləcək digər şəxslər arasında FİFA-nın İdarəetmə, Audit və Uyğunluq Komitəsinin sədri Bruno Kiomento və FİFA prezidentinin müşaviri Mario Qallavotti də var.
Bundan əlavə, gələn ilin əvvəlində FİFA-nın Qlobal Futbolun İnkişafı üzrə rəhbəri Arsen Vengerə də çağırış vərəqəsinin göndərilməsi gözlənilir.
İyul ayında Raskin Infantinodan Trampa və onun ətrafındakılara verilən hədiyyələr, ödənişlər və digər imtiyazlarla bağlı sənədləri, eləcə də yazışmaları təqdim etməsini tələb edib. O, həmçinin FİFA-nın "Trump Tower"dəki ofisindən istifadəyə dair qeydləri istəyib. Təşkilat bu məkan üçün təxminən 4 milyon dollar dəyərində yeddi illik icarə müqaviləsi bağlasa da, ofis əsasən boş qalıb.
UEFA Raskinin apardığı araşdırmanı dəstəkləyir. Bununla yanaşı, təşkilat Infantinoya (və ehtimal ki, digər FİFA rəsmilərinə) qarşı "FFE" işi ilə bağlı hüquqi proseslərə hazırlaşmağa davam edir. Söhbət FİFA prezidentinin 2026-cı ilin iyul ayının sonlarında irəli sürdüyü bir layihədən gedir. Təklifə əsasən, FİFA turnirlərinin kommersiya hüquqlarını və təşkilati məsələlərini idarə etmək üçün ayrıca bir qurum yaradılmalı idi. Bu prosesə azlıq payına sahib olacaq özəl investorların da cəlb edilməsi nəzərdə tutulurdu.
Daha əvvəl xəbər verilmişdi ki, bu layihə çərçivəsində FİFA həmçinin Donald Trampın kürəkəni Cared Kuşnerə məxsus "Affinity Partners" investisiya şirkəti ilə danışıqlar aparıb. Nəticədə, Caredin kiçik qardaşı Coşua Kuşner tərəfindən idarə olunan "Thrive Capital" şirkəti FFE layihəsi üçün əsas investor qismində seçilib.
FİFA isə rəhbərliyinə qarşı cinayət təqibi aparmaq üçün heç bir hüquqi əsasın olmadığını bildirib və təşkilata qarşı yönəlmiş addımları "qarayaxma kampaniyası" kimi xarakterizə edib.