Misli Premyer Liqasının iddialı komandaları "Neftçi" və "Zirə" bu gün 13-cü tur çərçivəsində birincilərin meydanında üz-üzə gələcəklər.
Futbolinfo.az xəbər verir ki, bu, ölkə çempionatlarında klubların 43-cü dueli olacaq.
2015-ci ildən başlayan rəqabətdə "Zirə"nin kiçik üstünlüyü var. Belə ki, qəsəbə təmsilçisinin 16 qələbəsinə "ağ-qaralar" 14 qalibiyyətlə cavab veriblər. Top fərqində isə "Neftçi" 2 qol öndədir – 47:45.
Bu mövsüm əla formada olan və hazırda turnir cədvəlinə liderlik edən "Neftçi"nin "Zirə"qarşısında qırmalı olduğu bir tilsim var. Belə ki, komanda son 5 görüşdə rəqibini məğlub edə bilməyib. "Ağ-qaralar" axırıncı dəfə 21 ay əvvəl – 2025-ci ilin fevralında "Zirə"dən 3 xal alıb. "Neftçi"nin öz meydanında qələbə həsrəti isə düz 2 ildir.
Diqqətçəkən digər məqam bu klubların son 3 matçında 2-dən çox qolun vurulmamasıdır.
Qeyd edək ki, bu gün "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Zirə" oyunu saat 19:00-da başlayacaq.