Braziliyanın "Vasko da Qama" klubunun hücumçusu David Korrea komandanın məşq bazasında polis tərəfindən saxlanılıb.
İdman.Biz "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, futbolçu narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyəti ilə bağlı "A Tropa" əməliyyatı çərçivəsində həbs edilib.
Bundan əlavə, "Vila Nova" klubunun sağ cinah müdafiəçisi Hayner barəsində də həbs qərarı çıxarılıb. Futbolçu könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.
İstintaqın versiyasına görə, hər iki futbolçu şahidlərə pul təklif etməkdə, onların ifadələrini dəyişdirməyə çalışmaqda və zorakılıqla hədələməkdə şübhəli bilinir. Məhkəmə şahidlərin təhlükəsizliyini təmin etmək və onlara təzyiq göstərilməsinin qarşısını almaq məqsədilə həbs qərarı çıxarıb.
Korreanın vəkilləri həbs qərarını həddindən artıq sərt və əsassız tədbir kimi qiymətləndiriblər. Hər iki futbolçu təqsirsiz olduğunu bildirib.
"Vasko da Qama" futbolçuya hüquqi dəstək göstərildiyini və prosesin izlənildiyini açıqlayıb. "Vila Nova" isə Haynerin klubun vəkilinin müşayiəti ilə polisə təslim olduğunu təsdiqləyib.